Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sabit sadələşdirilmiş vergi ödəyiciləridirlər. ”Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə aparıcı mütəxəssisi Təbriz Məmmədli həmin maddə ilə bağlı öhdəlikləri şərh edib.
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu olmaq, xəstələrə, qocalara və uşaqlara qulluq etmək, eləcə də dayə kimi işləmək də Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə aiddir. Onların ödəməli olduğu aylıq sabit vergi məbləği 10 manatdır və həmin məbləğə aşağıda qeyd olunan əmsallar tətbiq olunur:
1.Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;
2.Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1.5;
3.Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran,Yevlax, Şəki və Naftalan şəhərlərində -1;
4.digər rayon və qəsəbələrdə – 0.5
Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin 14.5.1-1.5–ci bəndinə əsasən, həmin şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında aşağıda qeyd olunan əmsallar üzrə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər:
1.Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) -2,0;
2.Gəncə,Sumqayıt şəhərlərində və Abşeron rayonunda – 1,5;
3.digər şəhər və rayonlarda -1,0
Əlavə olaraq həmin şəxslər “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinin 15-10.1.3 bəndinə əsasən minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığorta haqqı ödəyirlər. 2022-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqı 300 manat müəyyən edilib.
Sadalanan tələbləri misalla izah edək:
Misal: 2022-ci ilin oktyabr ayı üzrə Bakı şəhərində fərdi yaşayış evində qulluqçu işləyən şəxsin aylıq vergi və sosial tutulmalarını hesablayaq:
Sadələşdirilmiş vergi məbləği:
10 x 2 = 20 manat
Məcburi dövlət sosial sığorta haqqı:
(300 x 3%) x 2 = 18 manat
Tibbi sığorta haqqı:
300 x 4% = 12 manat
Cəmi tutulma: 20 + 18 + 12 = 50 manat.
Xüsusi vurğulamaq lazımdır ki, həmin vergi ödəyiciləri nağd pul hesablaşmaları zamanı alıcılara mütləq qəbz və digər ciddi hesabat blankları təqdim etməlidirlər. Həmçinin, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortanın ödənilməsi haqqında qəbz almamış fəaliyyət göstərə bilməzlər.