Mediada yayılan məlumata görə, gələn ildən mülk-hüquqi xarakterli müqavilələr əsasında çalışan fərdi sahibkarlar ümumi gəlirlərinin 25%-i qədər sosial sığorta haqqı ödəyəcəklər.
Bu xəbər inandırıcı görünmür, çünki indiyə qədər fərdi sahibkarlar sosial sığorta qanunun 14-cü maddəsində sahibkarlar üçün nəzərdə tutulan ayrıca maddə ilə sığortaya cəlb ediliblər. Yeni dəyişikliklər də sahibkarlıq fəaliyyətinə toxunmur.
Amma medianın bunu belə təqdim etməsinin səbəbi sosial sığorta haqqında qanuna indi təklif edilən dəyişikliyin yaratdığı qeyri-müəyyənlikdir.
Məsələnin məğzi belədir: həmin qanunun hazırda qüvvədə olan redaksiyasında qeyd edilir ki, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında icbari sosial sığorta haqqı tutulur.
Yeni variantla köhnə variantın arasında yeganə fərq mötərizənin içərisinin ixtisarı ilə bağlıdır. Əsas narahatlıq da elə həmin mötərizənin içərisidir. Yəni indi təklif olunan versiyada “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla” sözləri çıxarılır.
Amma iş orasındadır ki, qanunun həm qüvvədə olan versiyasında, həm də yeni təklif olunan dəyişikliklərdə sahibkarlıq fəaliyyəti ilə bağlı sığorta haqları minimum əmək haqqına faiz nisbəti ilə ayrıca müəyyənləşdirilib.
İndi əsas sual odur ki, sosial sığorta haqqında qanunda mülki-hüquqi xarakterli müqavilələr üzrə çalışanların 25%-lik sığorta haqqı maddəsində olan “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla” sözlərinin çıxarılması fərdi sahibkarları da bu maddənin təsirinə salacaqmı?
Bir məqam da var: qanunun hazırkı redaksiyasında sahibkarlıq fəaliyyəti dedikdə yalnız “fiziki şəxs” sahibkarlar nəzərdə tutulur. Yeni təklif olunan dəyişikliklərdə isə “fiziki şəxs” çıxarılır və sadəcə “sahibkarlıq fəaliyyəti” yazılır.
Mediada yaranan rəylərə də bu 2 maddə olan dəyişikliklər səbəb olub.
Ümid edək ki, Vergilər Nazirliyi bu məsələyə media vasitəsilə aydınlıq gətirəcək.
Müəllif:
RÖVŞƏN AĞAYEV,
ekspert.