Vergi Məcəlləsinin 99.2.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və həmin Məcəllənin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda həmin aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsi zamanı müxtəlif suallar yaranır. Həmin suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.
Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və ilkin qiyməti artdığı halda aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsidir. Bu maddələri daha yaxşı anlamaq üçün əvvəlcə aktivlərin dəyərinin necə yarandığını müəyyənləşdirmək lazımdır. Vergi Məcəlləsinin 143-cü maddəsində göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması, qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
143-cü maddəyə əsasən, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım aktivlərin dəyərinə daxil deyildir. Ona görə də aktivlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna olmaqla, Vergi Məcəlləsinin 99.2.1 maddəsinə əsasən, sahibkarlıq fəaliyyətində istifadə olunan aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Vergi Məcəlləsinin 99.3.8-ci maddəsində isə deyilir ki, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda, həmin aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir.
Misal 1: Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 35.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:
Göründüyü kimi, avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri – 35.000 manat ilə ilkin dəyəri 30.000 manat arasındakı fərq 5.000 manatdır (35.000 – 30.000 = 5.000). Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, aktivin ilkin qiymətinin artığını göstərən 5.000 manat məbləğ qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 700 manat (5.000 x 14% = 700) vergi hesablanacaqdır.
Fərdi sahibkarın sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiyməti olan 45.000 manatdan avadanlığın qalıq dəyəri 25.000 manatı və yenidən qiymətləndirmədən alınan 5.000 manatı (35.000-30.000) çıxdıqdan sonra qalan 15.000 manat (45.000-25.000-5.000) təşkil edir. Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən, 15.000 manat sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 3.000 manat (15.000 x 20% = 3.000) vergi hesablanacaqdır.
Misal 2: Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 28.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:
Fərdi sahibkarın avadanlığının yenidən qiymətləndirilməsindən yaranan dəyəri 28.000 manat, ilkin dəyəri olan 30.000 manatdan azdır. Avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri ilkin dəyərindən az olduğu üçün, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən vergi öhdəliyi yaranmır. Amma fərdi sahibkarın Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiymətindən – 45.000 manatdan avadanlığın qalıq dəyəri – 25.000 manat çıxdıqdan sonra qalan 20.000 manat (45.000-25.000) olacaqdır ki, ondan da 4.000 manat (20.000 x 20% = 4.000) vergi hesablanacaqdır.
Vergilər qəzeti