12 C
Baku
Saturday, November 23, 2024

Fərhad Əhmədovdan DTX tərəfindən saxlanılması xəbərinə reaksiya

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov barəsində yayılan məlumatlara cavab verib.

İş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə göndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib və iti surətlə dərc edilməkdə davam etməkdədir. Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və “mənim casusluqda ittiham olunduğum” kimi absurd məlumatlar dərc edilib. Bildirirəm ki, mənim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım və ya mənə qarşı hər hansı bir ittihamın sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafinda əks-reklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyatı olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.

F.Əhmədov əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşı olması ilə yanaşı bir azərbaycanlı kimi istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətində, istərsə də biznes fəaliyyəti zamanı daim Azərbaycana qulluq edib: “Cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur. Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətləri mənə və məni tanıyan hər bir şəxsə məlumdur – məni xalqımın gözündə nüfuzdan salmaq, şərəfimi və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir”.

F.Əhmədov barəsində yayılan məlumatlar təkzib edilməzsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər