İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 980.7 milyon manata qaldırılıb.
Banker.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişikliklə bağlı fərman imzalayıb.
Bununla da İKZF-in nizamnamə kapitalı 87.7 milyon manat və ya 10 faiz arıtılmış olub.
Fərmanın ikinci bəndində qeyd edilir ki, Fərmanın 1-ci hissəsinin icrası “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1947 nömrəli Fərmanının 1.11.6.7.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87.7 milyon manat hesabına təmin edilsin.
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.