1 C
Baku
Saturday, December 14, 2024

Fərman: Özəlləşdirilmə proqramına dəyişiklik edilib

Prezident İlham Əliyevin imzaladığı fərmanla elm müəssisələrinin özəlləşdirilməsinə aydınlıq gətirilib.

Prezident İlham Əliyevin fərmanıyla “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” ilə tənzimlənən və dövlət başçısının qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərin siyahısında dəyişiklik edilib.

Məlumata görə, proqramın 2000-ci ildən qüvvədə olan mətnində göstərilirdi ki, Azərbaycan Respublikası Elmlər Akademiyasının kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və obyektləri prezidentin qərarı olmadan özəlləşdirilə bilməz.Yeni qaydalara görə, bu prinsip yalnız dövlət elmi müəssisələrinə şamil ediləcək. Təsərrüfat hesablı elmi-tədqiqat, layihə, layihə-axtarış təşkilatlarının və müəssisələrinin özəlləşdirməyə açılmasına isə indən belə prezidentin rəsmi razılığı tələb olunmayacaq. Buna Əmlak Məsələləri Dövlət Komitəsi qərar verəcək.

Proqram qanuna uyğunlaşdırılıb

Fərman Dövlət Özəlləşdirmə Proqramını ötən ilin iyununda qəbul edilmiş «Elm haqqında» Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Həmin qanunda deyilir ki, dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının prezidenti – red.) qərarı əsasında və profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri isə özəlləşdirilə bilməz.

İndiyədək elmi-tədqiqat sahəsində fəaliyyət göstərən iki müəssisə (Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutu və “Azərikimya” Dövlət Elmi Tədqiqat Kimya İnstitutu) özəlləşdirilib. Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutu səhmdar cəmiyyətinə çevrilib. Onun səhmlərinin təxminən yarısı sarılsa da, nəzarət zərfi 10 ildir ki, özəlləşdirməyə çıxarılmayıb. “Azərikimya” Dövlət Elmi Tədqiqat Kimya İnstitutu kiçik müəssisə kimi satılıb. Onun fəaliyyət göstərməsi haqda bilgi yoxdur.

Özəlləşdirmə proqramına əsasən, dövlət elmi müəssisələri profilini saxlamaq şərtilə özəlləşdirilir. Bu zaman həmin müəssisələrin əməkdaşları payların 15 faizini güzəştli şəkildə alırlar. Yerdə qalan payların 30 faizi də ilk növbədə onlara təklif olunur.

Qüvvədə olan qaydalara görə, müəssisənin 55 faizi ixtisaslaşdırılmış pul hərracına çıxarılır.

Son xəbərlər
Digər xəbərlər