Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulması sürücülərin yanacaqla bağlı bir sıra addımlar atmasına səbəb olub. Belə ki, yeni avtomobillər daha çox “Aİ-95” və “Aİ-98” markalı benzinlərin istifadəsini tələb edir. Bu isə aşağı büdcəli vətəndaşlar üçün uyğun deyil. Bəzən çıxış yolu kimi isə yanacaq çəninin 80-90 %-i “Aİ-92”, qalan 10-20 %-i isə “Aİ-95” yaxud “Aİ-98” markalı benzinlərin qarışığının tökülməsi təklif edilir.
Məhz bu təkliflər cəmiyyətdə bəzi müzakirələrə səbəb olur. Belə ki, bəzi insanlar belə qarışıqların effektiv olmadığını qeyd edirlər.
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə qarışıqlardan istifadə nəqliyyat vasitəsinə çox ziyan vurur:
“Artıq son zamanlar “Aİ-92” və “Aİ-95” yaxud “Aİ-92” və “Aİ-98” markalı benzinlərin qarışdırılmasının necə ola biləcəyi ilə bağlı müzakirələr artıb. Onu deyim ki, belə qatışıqları yanacaq çəninə tökmək olar, amma bu avtomobilə mənfi təsir edəcək. Artıq avtomobil istehsalçıları və rəsmi diler mərkəzləri də qətiyyətlə bunu etməyi məsləhət görmürlər. Əgər “Aİ-95” markalı benzinlə işləyən avtomobilə daha zəif benzin tökülsə sürücü bilməlidir ki, o gec-tez nasazlıqla üzləşəcək.
Bu gün ölkəmizə idxal edilən və istehsal ili 10 ili ötməyən avtomobillərin əksəriyyəti “Aİ-95” markalı benzinlə çalışır. Ölkəmizə idxal edilən istehsal ili 10 ildən az olan Avropa spesifikasiyalı avtomobillərə birmənalı olaraq yanacaq kimi “Aİ-95″ markalı benzin istifadə edilməlidir”.
Ekspert hesab edir ki, “Aİ-92” və “Aİ-95″ markalı avtomobillər qarışır, amma bu tam qarışma demək deyil:
“Aİ-92” markalı benzinin zərrəciyi “Aİ-95″in zərrəciyi ilə qarışırmı, əlbəttə yox?! Əgər biz bu benzinləri bir yanacaq çəninə töksək istənilən halda “Aİ-92″markalı benzin qabın dibinə çökəcək. Bu isə ilk növbədə “Aİ-92″nin daha sonra isə “Aİ-95″in istifadəsinə imkan yaradacaq”.
Ölkəyə sürtkü yağları və qatqıların idxalı və satışı ilə məşğul olan Arif Məmmədov müasir avtomobillərin yanacaq sisteminə daha çox benzinin tərkibindəki kükürdün ziyan vurduğunu bildirir:
“Hesab olunur ki, “Aİ-92” və “Aİ-98” və ya “Aİ-92” və “Aİ-95” markalı benzinlər müəyyən qədər qarışır. Xüsusən də bazası eyni olan yanacaqlarda qarışma daha çox olur. Bu isə yanmanın normallaşmasına səbəb olur.
Amma biz burada oktandan çox benzinin çirklilik dərəcəsinə fikir verməliyik. “Aİ-92” markalı benzinin tərkibindəki kükürd və digər yad maddələrə görə digərlərinə nisbətən çirklidir. Son model avtomobillər, xüsusən də buraxılış ili 2015-ci ildən bu tərəfə olan avtomobillərin 90 %-də birbaşa təzyiqli forsunkalar, təzyiqli nasoslar istifadə olunub. Buna GDI (Gasoline direct injection – Benzinin birbaşa vurulması) sistemi deyirlər. Əvvəlki ənənəvi sistemlərdən fərqli olaraq bu sistemlərdə püskürmə və təzyiq daha çox olur. Ona görə, onlar “Aİ-95” yaxud “Aİ-98” markalı yanacaq istəyir. Çünki püskürmə zamanı artıq qalan yanacaq porşenin başından yağın tərkibinə keçir. Əgər biz “Aİ-95” markalı benzinlə işləməli olan avtomobilə “Aİ-92” markalı benzin töksək ilk olaraq yalnız avtomobilin səsində bir qədər fərq hiss edəcəyik. Sürücü düşünür ki, mühərrik dağılmır, hər şey normaldır. Amma əksinə dağılma tədricən baş verir. Çünki yanacaq yanmır və yağın tərkibinə keçir və hər dəfə resursundan azalda-azalda gedir”.
Ekspert sürücülərə benzinləri qarışdırmaqdansa əlavə normallaşdırıcı qatqılardan istifadəni tövsiyə edir:
“Müasir yağlar xüsusən də Yaponiya istehsalı avtomobillər üçün olan “ilsac”, Asiya istehsalı avtomobillər üçün “A5,B5”, BMW-nin “Longlife”, “Mercedes-Benz”in “229.71” tipli yağları kükürdü az olan keyfiyyətli və müasir yanacaq tələb edir. Qısa deyim ki, keyfiyyətsiz yanacaq yağın belə keyfiyyətini öldürür.
Sürücülər üçün ən yaxşı qənaətcil variant benzinləri bir-birlərinə qarışdırmaq deyil, onları neytrallaşdırmaqdır. Məsələn, “Aİ-92” markalı benzini stabilizator tipli qatqılarla neytrallaşdırmaq olar. Məhz onların qablarının üzərində yazılır ki, bu benzini neytrallaşdırır, kükürdü azaldır, yanmanı tamlaşdırır. Amma beniznləri qatışdıranda isə heç nə almaq mümkün olmur”.