3 C
Baku
Saturday, December 14, 2024

Fəxri Ağayev: “Maaşdan maaşa yox, borcdan borca yaşayırıq” – MÜSAHİBƏ

Şübhəsiz ki, karantin rejimi yerli biznesə zərbə vurdu. Bu zərbə nə qədər güclü oldu? Dəymiş zərəri necə qiymətləndirirsiniz? Adətən, böyük şirkətlər böhrana hazır olurlar və bu da ümumilikdə onların strategiyalarına daxil edilməlidir. Azərbaycan biznesi böhranı təəccüblə qarşıladı, yoxsa müəyyən təhükəsizlik yastığı var?

– Bu miqyasda zərbəni gözləməyən yerli biznesimizə karantin ciddi zərər vurdu. Məsələ bundadır ki, 2015-ci ilin devalvasiyalarından sonra iş dünyamız yavaş-yavaş özünə gəldi və sabitliyə inandı. Sabitlik biznesin inkişafı üçün son dərəcə vacib meyardır, çünki böyük və uzunmüddətli layihələrin və şirkətlərin inşası iqtisadiyyatlarda daxili sakitlik, nisbi proqnozlaşdırma tələb edir.

“Adətən, böyük şirkətlər böhrana hazırdır” sözlərinə kiçik düzəliş etmək istəyirəm: “Peşəkar şəkildə idarə olunan böyük şirkətlər böhrana hazırdır”. Sirr deyil ki, ölkəmizdə böyük biznes hər zaman peşəkar formada idarə edilmir və əksər hallarda ciddi strategiyası belə olmur, idarəetmə mütəxəssislər tərəfindən həyata keçirilmir.

Bizim iş dünyasında böhrana qarşı təhlükəsizlik yastığı yox idi və buna görə də, ən gözlənilməz anda çox acı zərbə dəydi.

– Kim ən az zərər çəkdi?

– Ən az təsirlənənlər şirkətin immunitetini vaxtında gücləndirənlər oldu.

Tibbi baxımdan immunitet nədir? İmmun sistemi və ya immunitet orqanizimi xaricdən gələn bütün xarici maddələrdən qoruyan sistemdir.

Biznes baxımından immunitet şirkətin bütün işçilərini və menecerlərini birləşdirən, dəyərləri özündə toplayan daxili gücdür. Güclü immunitetə sahib şirkət fərdlər tərəfindən idarə olunmur – sistem şirkəti idarə edir və bu sistem sayəsində şirkətin dəyərlərinə uyğun olmayan xarici qıcıqlandırıcıları aktorlar avtomatik olaraq müəyyənləşdirir. Sadə dillə desək, immunitet bunlardır: dəyərlər, güclü heyət, xərclərin optimallaşdırılması üzərində mütəmadi işlərin aparılması və şirkətin müştəriləri ilə uzunmüddətli və müsbət emosional münasibətləri.

Karantindən daha az təsirlənənlər müştəriləri ilə düzgün münasibət quranlar oldu.

Bu vəziyyətdə daxildən inkişaf etmədən böyüməyə çalışmayanlar daha az təsirləndi. Bu, bizim biznesimizin xəstəliyidir: şirkət miqyasını böyüdərək gəlirləri artırmaq istəyir, amma eyni anda şəxsi heyətini və idarəçilərini inkişaf etdirmir; belə olan halda şirkət öz böyüməsini həzm edə bilmir.

Qurğulara, inventarlara, binalara, təmir və məhsullara sərmayə qoymaqla yanaşı, mütəxəssislərin cəlb edilməsinə investisiya edənlər da daha az təsirləndi. Etiraf etmək lazımdır ki, rəhbərliklə münasibətləri səbəbindən işə cəlb olunan, 500 manata işləyən əməkdaşla öz sahəsində mütəxəssis olan və 2 500 manat maaş tələb edən insanın iş keyfiyyəti, düşüncə səviyyəsi və planlama üfüqü arasında böyük uçurum var. Bu uçurum böhrandan daha çox əziyyət çəkənlərin ödədiyi qiymətdir.

Ən əsası isə, aydın, bəzən sərt maliyyə intizamına sahib olan və bütün mümkün böhran vəziyyətləri üçün daim müəyyən maliyyə yastığı olan şirkətlər karantindən daha az təsirləndi.

Təbii ki, böhran inkişaf mərhələsində olan və həmişə kifayət qədər pulu olmayan şirkətləri ağır vəziyyətə saldı.

– Bu böhran nəticəsində biznesimiz hansı dərsləri aldı?

– Əminəm ki, böhran iqtisadiyyatımız və biznesimiz üçün çox faydalıdır. Fakt budur ki, böhran şirkətlərə idarəetmənin bir çox aspektlərinə münasibətlərini yenidən nəzərdən keçirməyə imkan verir. Hal-hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən onlarla sahibkar və iş adamı tanıyıram ki, öz düşüncə tərzlərini və təfəkkürlərini bizneslərinə faydalı olacaq şəkildə dəyişdirirlər.

Baş verənlərdən şirkətlərimiz hansı dərsləri aldı?

İlk öncə hesab edirəm ki, iş dünyamız anladı: hər hansı şirkətin iki əsas sərmayəsi var – əməkdaşları və müştəriləri. Sahəsindən asılı olmayaraq, hər şirkət işçilərinə və müştərilərinə çox diqqət yetirmək məcburiyyətindədir.

Başqa bir dərs ondan ibarətdir ki, biznes diqqətini yalnız qısamüddətli satış məqsədləri üzərində cəmləşdirməməlidir (bu, şirkətin maddi vəsaitlə təmin edilməsi üçün vacibdir), eyni zamanda işəgötürənin imici, müştəri bazasının yaradılması kimi uzunmüddətli layihələr üzərində işləmək lazımdır.

Eyni dərəcədə vacib başqa dərs şirkətin hər cəhətdən effektivliyidir. İşdə effekvitliyin iki növü var: hesablana bilən və riyaziyyat qanunlarına tabe olmayan.

Birinci səmərəlilik növü ən sadədir. Misal: əgər şirkətdə 400 nəfər işləyirsə, şirkət gündəlik 8 saat iş vaxtı hesablamasına görə hər gün 3200 saat zaman sərmayəsinə malikdir. Şirkət bu vaxtı mümkün qədər səmərəli şəkildə idarə etməlidir. Bu, effektivliyin hesablana bilən tərəfidir.

Ancaq iş dünyasında effektivliyin başqa forması da var. Daxili sağlam amosferi olmayan, ortaq dəyərlərin paylaşılmadığı, insanların daim qarşıdurma yaşadığı şirkətlərdə 1 + 1 = 0 düsturu qüvvəyə minir, çünki insanların gücü bir-biri ilə mübarizəyə sərf olunur. Əksinə, hər kəsin bir nöqtəyə vurması və monolit olmağa çalışdığı bir komanda ruhunun olması, doğru lider və rəhbərin olduğu yerdə 1 + 1 = 20 düsturu gündəmə gəlir.

– Sosial şəbəkələrdə işçilər rəhbərliyin qanunsuz hərəkətlərindən, o cümlədən ödənilməyən məzuniyyətdən, işdən azad olunmalarından və maaş azalmalarından şikayət edirlər. İstifadəçilər yazırlar ki, şirkətlər illərdir “kisələrlə” pul qazanıblar, lakin çətin anlarda ancaq maaşla yaşayan və ailəsinə dəstək olan insanlara yardımçı ola bilmirlər. İşəgötürənlər bunu iflasla açıqlaylrıar. Bu, sahibkarlar tərəfindən həqiqətən zəruri tədbirdirmi? Bu məsələni necə qiymətləndirirsiniz?

– Bu suala mümkün qədər geniş cavab vermək istərdim.

Ölkəmizdə, sualda göstərildiyi kimi, insanlarda sahibkarların “kisələrlə pul qazanan” obrazı formalaşıb.

Çox sadə bir nümunə verim.

Bir şirkət sahibi düşünün. Mağazası var və ayda 20 000 manat məbləğində satışı var. Onu tanıyan hər kəs – ətrafı, ailəsi, dostları, işçiləri – bu 20 min manatı görür…

Indi isə real vəziyyəti görmək üçün təklif edirəm ki, səhnə arxasına keçək.

Ən azı 10 000 manat satılan malların dəyəridir.

3 000 manat – mağaza və anbarın icarəsidir.

3 000 manat – işçilərin maaşlarıdır.

3 000 manat kommunal xidmətlər, təhlükəsizlik, vergilər, digər dövlət ödənişləridir.

Nə qədər qaldı? 1 000 manat.

Ancaq gəlin daha dərinə gedək.

Mağazada 20 min manat dəyərində malın olması üçün anbarda 40 min manatlıq mal saxlamaq lazımdır.

Ən azı ayda bir dəfə məshul almaq üçün Türkiyə, Çin, Dubaya getmək məcburiyyətindəsiniz? Bəli. Bu, ən azı 1 500 manat əlavə xərcdir.

Sizcə, sahibkarlar xaricdə beş ulduzlu hotellərdə qalırlar? Xeyr, bu, mümkün deyil. Səfərlərdə muzeyləri, parkları gəzmirlər – sonsuz sayda fabrikləri, zavodları, sərgiləri gəzirlər və danışırlar, danışırlar, danışırlar…

Mallar Bakıya çatır? Əlbəttə. Gömrükdə problemlər, anlaşılmazlıqlar, stres.

İri müəssisələrdə də eyni hallar olur, risklər eynidir – sadəcə, rəqəmlərdə sıfırların sayı və stres daha çoxdur.

“Ancaq maaşla yaşayan işçilər” – təcrübəmə inanın, biz iş adamları bəzən maaş ala bilmirik, maaşdan maaşa yaşamırıq, tam tərsi – borcdan borca yaşayırıq. Sahibkarların həyatı kənardan göründüyü kimi çəhrayı deyil.

Əgər işçinin işi saat 18.00-da başa çatır və o, həftədə beş və ya altı gün işləyirsə, iş adamı həftədə yeddi gün, bəzən gündə 20 saat işləyir, amma onun şikayət etməyə heç kimi yoxdur. Xəstələnəndə də “evdə qalım” deyə biləcəyi rəhbəri yoxdur.

İş adamını digər insanlardan nə fərqləndirir? Onların daxili motivasiyası. Bizim şərtlərimizdə iş adamı dəmir-beton qarışığından olan və bəzən şərtlərə rəğmən işləyən insandır.

İşçi isə işini itirəcək, başqasına keçəcək. İşini itirən iş sahibi isə heç yerə gedə bilməz – dövlət qurumlarına, banklara və investorlara borclarını ödəməlidir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər