19 C
Baku
Sunday, September 29, 2024

“Facebook” 9 mlrd. dollarlıq vergi borcuna görə İrlandiyadan çıxır

“Facebook” müəssisələrin vergi yükünü azaltmaq üçün istifadə olunan İrlandiyadakı törəmə şirkətlərini bağlayıb və bu ölkədən ABŞ-a “milyardlarla dollar gəlir” qaytarıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, texnologiya nəhəngi 9 milyard dollarlıq vergidən yayınma iddiaları fonunda belə bir addım atmaq məcburiyyətində qalıb. Bu barədə “The Times” yazıb.

Söhbət “Facebook”un İrlandiyadakı üç holdinq şirkətindən gedir. Onlar intellektual mülkiyyətdən istifadə etdikləri üçün bütün dünya üzrə pul ödəyərək, Mark Çukerberg şirkətinin gəlirlərinin əhəmiyyətli hissəsini ABŞ xaricinə köçürməyə imkan verirdi.

Qəzetin yazdığına görə, 2018-ci ildə “Facebook”un İrlandiyadakı törəmə şirkəti mənfəəti 15 milyard dollar olduğu halda cəmi 101 milyon dollar vergi ödəyib. Başqa bir şirkət – “Facebook International Holdings I Unlimited Company” – vasitəsilə 2018-ci ildə təxminən 30 milyard dollar keçirilib ki, bu da “Facebook”un qlobal pul dövriyyəsinin yarısından çoxunu (56 milyard dollar) təşkil edir.

Xatırladaq ki, 2020-ci ilin fevralında ABŞ -ın Vergi Xidməti (IRS) texnologiya nəhəngini ölkəyə 9 milyard dollar vergi borcunun olmasından günahlandıraraq məhkəməyə vermişdi. Səlahiyyətli orqanların sözlərinə görə, “Facebook” 2010-cu ildə hüquqlarının bir hissəsini törəmə şirkətlərinə verərkən, intellektual mülkiyyətinin dəyərini bilərəkdən aşağı salıb. Nəticədə, Mark Çukerberg İrlandiyada 12.5% ilə korporativ vergi ödəməyə imkan verib. Xatırladaq ki, ABŞ-da korporativ vergi 35% təşkil edir.

“Biz hərəkətlərimizin dünya siyasətçiləri tərəfindən dəstəklənən vergi qanunlarının dəyişdirilməsinə dair tələblərə uyğun olduğunu düşünürük”, – deyə “Facebook” nümayəndələri cavab verib.

2020-ci ilin iyul ayında “Apple” İrlandiyada ödənilməmiş vergilərə görə 13 milyard avro kompensasiya almışdı. Şirkət vergi güzəştlərindən qanunsuz istifadə etməkdə günahlandırılsa da, bu iddiaların əsassız olduğunu sübut edə bilmişdi.

Eyni ayda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İT nəhənglərini daha çox vergi ödəməyə məcbur edəcək qaydalar hazırladı.

Son xəbərlər
Digər xəbərlər