Facebook, məlumatları oğurlanmış istifadəçilərin dəqiq sayını açıqladı

Photo by Muhammed Selim Korkutata/Anadolu Agency/Getty Images

Facebook Sentyabr ayının sonunda bildirmişdi ki, kimlikləri bilinməyən hackerlər sosial şəbəkə istifadəçilərinin məlumatlarını əldə ediblər. Həmin vaxtda şirkət dəqiq olaraq neçə milyon istifadəçinin məlumatlarının oğurlandığını bilmirdi. Lakin şirkət bildirmişdi ki, potensial olaraq 50 milyon Facebook istifadəçəsinin məlumatları oğurlanmış ola bilər. Beləliklə bir müddət keçəndən sonra Facebook şirkəti rəsmi göstəricini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən hackerlər 30 milyon istifadəçinin məlumatlarını oğurlayıblar.

Beləliklə 15 milyon istifadəçinin adları, kontaktlarının məlumatları, telefon nömrələri və elektron poçt ünvanları, 14 milyon istifadəçinin adları, kontaktlarının məlumatları, istifadə olunan cihazlarının məlumatları, sosial şəbəkə hesabında qeyd edilmiş cins məlumatları, istifadə olunan dillər barəsində məlumatlar, münasibət vəziyyətləri məlumatları, doğma şəhərləri barəsində məlumatlar, doğulma tarixləri, təhsil, iş yeri, dini baxışlar haqqında məlumatlar, sonuncu dəfə daxil olunmuş 9 Facebook səhifəsi və axtarış sistemində sonuncu dəfə edilmiş 15 sorğu məlumatları oğurlanıb. Yerdə qalan 1 milyon istifadəçinin isə məlumatları toxunulmaz olaraq qalıb.

İsitfadəçilərin özəl mesajları və Facebook hesablarına bağladıqları bank kartları barəsində məlumatların oğurlanması müşahidə olunmayıb. Bu hadisə ilə balı şirkət xüsusi səhifə də yaradıb. Həmin səhifədən istifadə etmək üçün istifadəçi Facebook-dakı dili ingilis dilinə dəyişməlidir. Bundan sonra həmin səhifədən istifadə edərək istifadəçi öyrənə bilər ki, onun məlumatları oğurlanıb yoxsa yox. Bundan əlavə olaraq yaxın zamanda Facebook bu hadisədən zərər çəkmiş istifadəçilərə bununla bağlı xüsusi bildiriş də göndərəcək. Facebook-un verdiyi məlumata əsasən bu kiberhücum şirkətin digər servislərinə (Messenger, Messenger Kids, Instagram, Whatsapp, Oculus, Workplace, Pages, ödənişlər sistemi, kənar tətbiqlər, reklam hesabları və tərtibatçıların hesabları) təsir etməyib. Qeyd etmək lazımdır ki, Facebook şirkəti FBI, ABŞ-ın federal ticarət komissiyası və İrlandiyanın məlumatların qorunması üzrə komissiyası ilə bu hadisə üzrə öz istintaqını davam etdirir.