Facebook-un baş direktoru Mark Sukerberq bildirib ki, Rusiyanın “İnternet-Araşdırma Agentliyi” (İAA) şirkəti ilə əlaqədar 273 səhifə və akkaunt silinib. Bu şirkət Kremlyönlü “trol fabriki” kimi də tanınır. ABŞ hakimiyyəti rəsmən onu 2016-cu ilin prezident seçkilərinə müdaxilədə ittiham edib.
2017-ci ildə Facebook İAA-nın ingilis dilində kontentini silib: Instagram-da (foto və video mübadiləsi üçün əlavə) 120 səhifə (qrup) və 170 akkaunt silinib.
Aprelin 3-də Facebook “trol fabriki”nin rus dilində akkauntlarını silməyə başlayıb. “Rusiyanın bu agentliyi dəfələrlə yalan vasitəsilə ABŞ, Avropa və Rusiyada adamlarla manipulyasiya etmək istəyib. Biz dünyanın heç bir yerində onu Facebook-da görmək sitəmirik”, – M.Sukerberq sosial şəbəkələrdə öz səhifəsində yazıb.
Bloklama barədə ilk bəyan edənlərdən biri “Federal xəbərlər agentliyi” (RİA FAN) olub. Onun nümayəndələri bildiriblər ki, “heç bir səbəb və izahat olmadan” “Nevskiye novosti”, “Jurnalistskaya pravda”, “Ekonomika seqodnya” və “Politika seqodnya” nəşrlərinin səhifələri bloklanıb. Bütün bu layhələr “trol fabriki” ilə əlaqəli olub.
Facebook-un hesabatına görə, dünya üzrə silinmiş akkauntların abunəçiləri bir milyon nəfərə yaxındır. Bunun 29 mini Azərbaycandadır.
Bundan əlavə, Facebook Azərbaycanda bəzi trolların akkauntlarını silib və ya bloklayıb.
Yaxın vaxtlarda Facebook yenilənmə buraxacağını vəd edir. Onun köməyilə sosial şəbəkə istifadəçiləri İAA-nın gizli idarə etdiyi akkaunt və ya səhifələrə abunə olub-olmadıqlarını yoxlaya biləcəklər.
M.Sukerberq bildirib ki, bu tədbir bütün dünyada seçki prosesinin toxunulmazlığının qorunmasına yönəlib.
Aprelin 10-da M.Sukerberq ABŞ Konqresində çıxış edərək trollara qarşı mübarizə tədbirlərindən ətraflı danışacaq.