9 C
Baku
Friday, December 13, 2024

Faizsiz bankçılıq anlayışı

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu”nda deyilir:

Bank—fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bu, müxtəlif ölkələrin qanunvericiliyində müxtərif cür yazıla bilər. Lakin ümumi məna demək olar ki, eyni nəticəyə gəlib çıxır. Yəni, bütün ölkələrdə olan bankların birinci funksiyası resurs artığı olan bölmə ilə bu resursa tələb olan bölmə arasında vasitəçilik etməkdir.

Faizsiz bankların bildiyimiz ənənəvi faizlə işləyən banklardan (bundan sonra sadəcə “klassik bank” adlandıracağıq) başlıca fərqi öz əməliyyatlarında əvvəlcədən standart faizlərin tətbiq edilməməsidir.

Ümumiyyətlə, faizsiz bankla islam bankını eyniləşdirirlər. Lakin, nəzəri cəhətdən götürdükdə, bunu aşağıdakı kimi ayırd etmək olar:

Faizsiz bank – bank əməliyyatlarını faizsiz həyata keçirən bankdır. İslam bankı isə faizsiz bankçılıq əməliyyatlarını İslam etikası çərçivəsində həyata keçirən banklara deyilir. Yəni, daha dar çərçivədə fəaliyyət göstərir. Məsələn, faizsiz bankların ayırdığı vəsaiti pivə istehsalına sərmayə kimi ayırmaq olmaz deyən bir qanun yoxdur. Tutaq ki, Commerzbank faizsiz fəaliyyət göstərən bir filial açıb. Əgər istəsə, cəlb etdiyi vəsaitlə pivə zavodu açar və istehsal olunan məhsulun satışından banka vəsait qoyan müştərilərə əvvəlcədən müəyyənləşdirilən payı gəlir olaraq ödəyə bilər.

Lakin, İslam bankı şəriətin qadağa qoyduğu heç bir fəaliyyət növünə vəsait ayıra bilməz. Bura sələmçilik, pornoqrafiya, spirtli içkilərin istehsalı (hətta konyak butulkaları üçün tıxacın hazırlanmasına belə), donuz əti və donuz əti məhsulları, İslam dininin qadağa qoyduğu istənilən fəaliyyətin reklamına və təbliğatına vəsaitin ayrılması və s. daxildir. Bunu aşağıdakı şəkildə aydın görmək mümkündür.

Bunu düstur şəklində yazsaq, aşağıdakı kimi olar:

Faizsiz bank = Klassik bank – faiz

İslam bankı = Faizsiz bank – şəriət qanununa zidd olan əməliyyatlar

Yəni, hər bir islam bankı faizsiz bankdır. Lakin, hər bir faizsiz bank islam bankı demək deyildir.

İslam bankçılığının mövcud olması üçün bütün iqtisadi sistemin bunu tamamlaması lazımdır.1 Mәsələn, Türkiyədəki iştirak banklarını islam bankları yox, faizsiz banklar kimi verə bilərik. İrandakı bankçılıq sistemi isə islam bank sistemi sayılır.

Praktikada isə belə bir vəziyyət mövcuddur. Faizsiz bankların demək olar ki, hamısı islam bankı çərçivəsində fəaliyyət göstərir. Çünki bu, XX əsrdə İslam olkələrində sənayeləşmənin sürətlənməsi və 70-ci illərdə neftin qiymətində kəskin artım, xüsusilə, Fars körfəzi ölkələrində külli miqdarda gəlir bu vəsaiti yönləndirə biləcək qurumlar tələbini irəli sürdü. Əhalisinin böyük əksəriyyətinin İslam dininə sitayiş edən ölkələr dini səbəblərdən dolayısı ilə bu vəsaiti banklara yatırmaqdan üz döndərirdilər. Bunu görən bir sıra dövlət rəsmiləri və alimlər əvvəlcədən mövcud olan nəzəri və praktiki məsələləri daha yeni üsulla tətbiq etmək qərarına gəldilər.

Ard-arda Dubai İslamic Bank (1975), İslamic Bank of Sudan (1977), İslamic Bank of Egypt (1977), Bahrain İslamic Bank (1979) və s. yarandı.

Aşağıda faizsiz maliyyə sisteminin anlayışları və onların mənaları verilmişdir:2

 •    Depozit məhsulları
Cari depozit – Wadiah Wad Dhamana / Qard al- Hasan
Əmanət depoziti – Wadiah Wad Dhamana / Mudaraba
Ümumi investisiya depoziti – Mudaraba
Xüsusi investisiya depoziti – Mudaraba

  Pərakəndə / istehlak bankçılığı

Mənzil tikintisi & Əmlak maliyyəsi –  Bai’ bithaman ajil(BBA) / Ijara wa Iktina /Azalan  Muşaraka
Möhlətli alqı (hissə-hissə ödəmə) – Ijara Thumma Al-Bai
Birgə maliyyələşdirmə – BBA / Mudaraba / Muşaraka
İşçi kapitalının maliyyələşdirilməsi – Murabaha/ Bai Al-Einah/ Tawarruq
Kredit kard-Bai Al-Einah/ Tawarruq
Borc (debet) kardı – Qard al- Hasan

• Korporativ bankçılıq / Ticarətin maliyyələşdirilməsi

Layihə maliyyələşdirilməsi – Mudaraba / Muşaraka / BBA / Istisna / Ijara
Kredit məktubu – Muşaraka/ Wakala/ Murabaha
Vençur kapitalı –Azalan  Mudaraba/ Muşaraka
Maliyyələşdirmənin birləşdirilməsi – Muşaraka+ Murabaha/ Istisna / Ijara
Döndərilmiş maliyyələşdirmə – Bai Al-Einah
Qısamüddətli nağd pul borcu – Bai Al-Einah/ Tawarruq
İşçi kapitalının maliyyələşdirilməsi  – Murabaha/ Salam/ Istijrar
Kredit məktubu – Murabaha
Zəmanət məktubu – Kafala + Ujr
Lizinq (icarə) – Ijara
İxrac-idxalın maliyyələşdirilməsi – Musharaka/ Salam/ Murabaha
Tikintinin maliyyələşdirilməsi – Istisna
Veksellərin uçotu – Bai al-Dayn
Zaminlik, məsləhətverici xidməti – Ujr

• Xəzinədarləq / Pul Bazarı İnvestisiya məhsulları

Satış–geri almaq razılığı – Bai al-Einah
İslami istiqrazlar – Mudaraba / Mushraka + BBA / Istisna / Ijara
Dövlət investisiya qiymətli kağızları – Qard Hasan/ Salam/ Mudaraba

• Digər məhsul və xidmətlər

Broker xidməti – Murabaha/ Wakala/ Joala
Vəsaitin köçürülməsi (Ölkədaxili və xarici) –  Wakala/ Joala
Saxlama (qoruma) və toplama (Alınıb-satıla bilən alətlər) – Wakala/ Joala
Faktorinq –  Wakala/ Joala/ Bai al-Dayn
Əmlakın idarə edilməsi, malikanə və filiallar – Wakala
Səyahətçi çeki – Ujr/ Joala
ATM xidməti, daimi təlimat, Telebankinq – Ujr

Ümumiyyətlə, müqavilələri əsas xüsusiyyətləri nəzərə alınaraq, kiçik qruplara ayırırlar. Bunlar aşağıdakılardır:
Mübadiləyə əsaslanan müqavilələr: murabaha, bai’bithaman ajil, ijarah, bai’salam, istisna, bai’istijrar daxildir. Bu müqavilələr nəticəsində bir tərəfin digər tərəfə borcu yaranır və beləliklə, bu müqavilələrin əsasını borc əsaslı maliyyələşdirmə məhsul və qiymətli kağızları təşkil edir.

Şəriklilik müqavilələri

Bu müqavilələrdən ən geniş istifadə olunanları mudaraba və müşarakadır ki, bunların əsasını investisiya əsaslı maliyyələşdirmə müqavilələri və qiymətli kağızları təşkil edir. Bunlar həmçinin qənaətli bölmədən səfərbər olunmuş vəsaitləri işlətmək üçün istifadə olunan bəzi depozit məhsullarını da özünə daxil edirlər.

Wadiah, amana, qard al-hasan depozit məhsullarına daxildirlər.
Wakalah və ujr muzd haqqına əsaslanan məhsullara daxildirlər.

Faizsiz banklar vəsaitlərin dolayı axınında vasitəçi rolunu oynayır. Onlar müxtəlif depozit məhsulları təklif etməklə vəsaitləri qəbul edirlər. Buna wadiah və qard al-hasan – a əsaslanan cai hesab depozitləri, mudarabaya əsaslanan əmanət hesabı və investisiya hesab depozitləri və s. daxildir. Onlar investisiyaya və borca əsaslanan müxtəlif maliyyələşdirmə məhsulları əsasında vəsaitləri yerləşdirirlər.

Faizsiz banklar yüksək riskli maliyyələşdirmə məhsulları da təklif edir. Bura daxildir: satıb-yenidən almaq (bai’ inah), veksellərin uçotu (bai’dayn), üçtərəfli alqı-satqı (tawarruq), qısamüddətli nəğd borc və kredit kard (tawarruq bai’ inah).
Faizsiz banklar həmçinin muzd haqqına əsaslanan xidmətlər də təklif edir: kredit məktubunun açılması (wakalah), zəmanət məktubunun açılması (kafalah).

Müəllif: Röyal İmanlı


 1Haqiqi A Wassey və F. Pomeranz, 2000, “Accounting Needs of İslamic Banking”
www.islamic-finance.net
2 Bankların və qurumların adları, yaranma tarixləri və siyahısı ardıcıl olaraq “Giriş”də, 1- 2-ci fəsillərdə və “Əlavə”də göstərilmişdir.
Mohammed Obaidullah, “Islamic Financial Services”, Jeddah, 2008, səh. 15-19.

Son xəbərlər
Digər xəbərlər