BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan meşələrində biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsi çərçivəsində pilot layihə olaraq Zəngilanda yerləşən Bəsitçay qoruğunun bərpasına 2023-cü ildə dəstək verilə bilər.
Bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.
Onun sözlərinə görə, meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsinin icrasına artıq başlanılıb: “Zəngilandakı Bəsitçay qoruğunun bərpası ilə bağlı müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olub. Meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihələri çərçivəsində Hirkan və Şirvan qoruqları ilə yanaşı Bəsitçay qoruğu da pilot layihə olaraq götürüləcək. Layihə çərivəsində biomüxtəlifliyin qorunması və daha yaxşı idarə edilməsi üzrə işlər həyata keçirələcək. Layihə Qlobal Ekologiya Fondu tərəfindən maliyyələşdirilir. Konsepsiyamız qəbul edilib. Hökumət bu proqramı imzaladıqdan sonra biz tam olaraq sənədləri hazırlayaraq 2023-ci ildə işlərə başlayacağıq. Layihənin büdcəsi 2,8 milyon ABŞ dolları təşkil edir, icra müddəti 2026-cı ilə qədərdir”.
O əlavə edib ki, Hirkan və Şirvan qoruqlarında idarəetməni yaxşılaşdırılması istiqamətində bu ildən işlərə başlanılacaq: “Hirkan və Şirvanda qorunan sahələrdən kənar yaşayan icmaların gəlir imkanlarını artırmaq məqsədilə onların bu ərazilərin qorunmasına cəlb edilməsi nəzərdə tutulur. Bu ərazilərin iqtisadi inkişaf planlarının hazırlanması da nəzərdə tutulur. Layihə ilə bağlı beynəlxalq ekspertlər bu ilin mayında Azərbaycana gələcəklər. Bəsitçayda görüləcək işlər isə hazırda müzakirə edilir. Bəsitçay ərazisində görüləcək bərpa işləri üçün ilkin mərhələdə inventarlaşma işlərinin aparılması vacibdir”.
M.Çakmak deyib ki, FAO-ya hökumətin prioritetlərinə, strateji məqsədlərinə uyğun olan sahələrlə bağlı əməkdaşlıq təklifləri daxil olur: “Hökumətdən gələn təkliflərə uyğun işlərimizi tənzimləyirik. Kənd təsərrüfatının müxtəlif sahələrində bitki, heyvan istehsalında, qida təhlükəsizliyi, meşəçilik, kənd yerlərinin inkişafı, təbii resursların dayanıqlı idarəsi və kənd yerlərindəki yoxsulluğun azaldılması kimi sahələr FAO-nun mandatına daxildir. Bizim bu sahələrdə geniş təcrübəmiz var”.
Xatırladaq ki, Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin verdiyi məlumata görə, Azərbaycanın təxminən 11,8 %-i meşə ilə örtülüdür. Ölkənin 14 %-i meşə fondu torpaqlarıdır. Adambaşına düşən yaşıllığın miqdarı 0,2 hektardır. Dünyada bu rəqəm ortalama olaraq 0,48 hektar təşkil edir. Ölkədə bu göstərici 4 dəfə azdır. Bu il Azərbaycanda 1 050 hektar meşə ərazisinin bərpa olunması nəzərdə tutulub.