ABŞ-da mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyat Sistemi (FED) açıq bazarda əməliyyatlar üzrə Komitəsi bu gün baza faiz dərəcəsini 1,25-1,5% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Bu barədə FED-in məlumatında qeyd olunur.
“Komitə əmək və inflyasiya bazarında artıq mövcud olan və gözlənilən şərait fonunda FED-in məqsədli faiz intervalını 1,25-1,5% səviyyəsində saxlamaq qərarına gəlib. Monetar siyasət üzrə mövqe akkomondativ olaraq qalır ki, bu da əmək bazarında müsbət tendensiya və 2 faizlik inflyasiya səviyyəsinə sabit qayıdışı dəstəkləyir”, – deyə məlumatda bildirilir.
Bununla belə, faiz dərəcəsi artıq FED-in yeni rəhbəri Cerom Pauellenin dövründə keçiriləcək növbəti iclasında qaldırıla bilər.
FED daşınmaz əmlak bazarının iflasından sonra iqtisadiyyata dəstək vermək üçün 2008-ci ilin dekabrında faiz dərəcəsini 0-0,25%-ə qədər endirib. Göstərici bu səviyyədə 2015-ci ilin dekabrınadək qalıb və dərəcə 0,25-0,5%-ə qədər qaldırılıb. 2016-cı ilin noyabrında tənzimləyici faiz dərəcəsini 0,5-0,75%-ə qədər artırıb.
FED faiz dərəcəsini 2017-ci ilin martında 0,5–0,75%-dən 0,75–1%-dək, iyunda 1–1,25%-dək artırıb. Ardınca iyul, sentyabr və noyabr aylarında baza faiz dərəcəsi bu səviyyədə saxlanılıb.
Qərardan sonra nə baş verir?
Dolların məzənnəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini cari səviyyədə saxlamaq barədə qərarından sonra artmağa başlayıb. Bu, hərracların nəticələrində məlum olub.
Bakı vaxtı ilə 23.37-yə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi əvvəlki 1,2403 dollar səviyyəsindən 1,2400 dollara düşüb.
Dolların Yaponiya yenasına qarşı məzənnəsi əvvəlki 108,78 səviyyəsindən 109,29 yenaya qədər artıb. Dolların indeksi (Dolların ABŞ-ın əsas tərəfdaşı olan altı ölkənin valyuta səbətinə qarşı olan məzənnəsi) 0,04% artaraq 89,2 bəndə çatıb.
FED bu il ABŞ-da inflyasiyanın artacağını gözləyir
TASS-a istinadən, bu barədə maliyyə tənzimləyicisinin çərşənbə günü yanvar ayının yekunu üzrə keçirilən iclasdan sonra yaydığı məlumatda deyilir.
FED-in proqnozlarına görə, onun nəzarət etməli olduğu inflyasiya bu il artacaq və orta müddətli perspektivdə komitənin 2 faizlik hədəf nöqtəsində stabilləşəcək.
©REPORT