ABŞ-ın Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) bu həftə keçirəcəyi iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq. Gözlənilir ki, tənzimləyici yeni dərc olunan iqtisadi göstəricilərin analizi ilə məşğul olmaq üçün pauza götürəcək. Buna baxmayaraq, iclasda FED rəhbərliyi iyun ayında keçirilməsi nəzərdə tutulan iclasda uçot dərəcəsinin artımına işarə edə bilər.
İki günlük iclasın nəticələri sabah Bakı vaxtilə 22:00-da açıqlanacaq. Ənənəvi olaraq FED rəhbəri Canet Yellen mətbuat konfransında öz nəzər nöqtəsini açıqlayacaq.
Mərkəzi Bankın rəhbər şəxslərinin əksəriyyəti açıq bəyan edib ki, əvvəlki illərlə müqayisədə bu il FED öz proqnozlarına daha çox əminlik bəsləyir. Bu isə o deməkdir ki, ilin sonunadək biz uçot dərəcəsinin daha iki dəfə artmasının şahidi olacağıq.
“Reuters” agentliyinin keçirdiyi sorğuda iştirak edən iqtisadçılar hesab edir ki, bu həftə keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallar olduqca aşağıdır. Konsensus-proqnoz ondan ibarətdir ki, FED dolları iyunda keçiriləcək iclasda bahalaşdıracaq. “CME Group” şirkəti də analoji proqnozu verib.
Maraqlı bir məqam ondan ibarətdir ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi Donald Trampın administrasiyasının həyata keçirəcəyi vergi islahatlarının miqyasını anlamağa çalışır. Bundan başqa, FED rəhbərliyi büdcə xərclərinin nə qədər artacağını da proqnozlaşdırmaqda çətinlik çəkir. Qeyd edək ki, ABŞ prezidenti büdcə xərclərinin artırılmasında israrlıdır, lakin buna Konqres razılıq verməlidir. Bir şey dəqiqdir ki, stimullaşdırma proqramının qəbulu uçot dərəcəsinin artım tempini sürətləndirə bilər.
FED-in son iclasında sonra dərc olunan iqtisadi göstəricilər qarışıqdır. Cari ilin I rübündə iqtisadi artım 0,7% təşkil edib ki, buna istehlak xərclərinin artım tempinin kəskin zəifləməsi səbəb olub. Buna baxmayaraq, bir sıra amillər iqtisadi aktivliyin sürətlənməsinin zəruriliyini şərtləndirir. Belə ki, istehsal sahəsinə yatırılan investisiyalar və əmək haqlarının artım tempi son 10 ildə ən yüksək səviyyədə olub.
Martda ABŞ-da iş yerlərinin artım tempində ciddi geriləmə müşahidə olunub. Maraqlıdır ki, buna baxmayaraq, işsizliyin səviyyəsi 10 illik minimuma enərək 4,5% təşkil edib.
FED-in mart ayında keçirilən iclasının protokolunda qeyd edilib ki, tənzimləyici bu il 4,5 trln. dollarlıq balansını azaltmağı planlaşdırır. Lakin bunun nə zaman və necə baş verəcəyi barədə məlumat verilməyib.