ABŞ Federal Ehtiyat Sistemi (FES) bu il iki iclasda uçot dərəcələrini artırmaq barədə qərar verə bilər.
Bu barədə Filadelfiya ştatının Federal Ehtiyat Bankının (FEB) sədri Patrik Xarker məlumat verib. Bankir qeyd edib ki, inflyasiya hədəf səviyyəsinə, yəni 2%-ə gələn il çatacaq: “Buna görə də mən hesab edirəm ki, FES bu ilin sonuna qədər iki dəfə faiz artırmağa məcbur qalacaq”. O, həmçinin 2018-ci ilin sonuna qədər ABŞ-da uçot dərəcələrinin 3%-ə yaxınlaşacağını bildirib.
P.Xarkerin fikrincə, ABŞ əmək bazarında artım sürəti yavaşlayıb, bununla bərabər qlobal risklər artıb. Belə ki, “Brexit” nəticəsində qlobal bazarlarda dalğalanmalar yaşanıb. Məhz bu səbəbdən FES uçot dərəcəsi faizlərini artırmağa cəhd etsə də xarici faktorlar buna mane olub və bu proses davam edir. Bankir “Brexit”in qeyri-müəyyənliyə səbəb olduğunu bildirsə də, onun ABŞ iqtisadiyyatına təsirinin zəif olacağını ehtimal etdiyini qeyd edib. Filadelfiya FEB sədri, “Brexit”in risk faktoru olaraq aşağı sıralarda yer aldığını, qısa zamanda ÜDM-ə mənfi təsirinin sadəcə 0,2 bənd olacağını söyləyib.
P.Xarker ABŞ iqtisadiyyatının bu il 2%, qarşıdan gələn iki ildə isə müvafiq olaraq 2,3% artacağını proqnozlaşdırıb.
Report