19 C
Baku
Friday, October 7, 2022

FED dünya ölkələrinə bir il vaxt verib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 15-də uçot dərəcəsini artırmasından 1,5 saat sonra dünyanın ikinci iqtisadiyyatı olan Çinlə yanaşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn baza faizlərini artırıb. “Reuters” agentliyi xəbər verir ki, FED-in qərarı bir sıra inkişaf etmiş ölkələrin mərkəzi banklarının monetar siyasətlərini nəzərdən keçirəcəklərini açıqlamasına səbəb olub. Yaponiya və Avropa mərkəzi bankları monetar stimullaşdırmanın başa çatdıracaqları və hətta bu proses bitmədən faizləri artıra biləcəkləri barədə işarə verib.

Sidneydə yerləşən “Westpac” bankından Şon Kalu (Sean Callow) bildirib ki, FED-in uçot dərəcəsini artırması prosesini sürətləndirməsi dünya mərkəzi banklarında müzakirə mövzusunu dəyişib.

Nyu-Yorkun “Macro İnsight Group” araşdırma şirkətinin baş maliyyə bazarları analitiki Şəhriyar Antiaya görə, FED-in qərarı Avropa və Yaponiya mərkəzi banklarına faizləri artırmağa və valyutalarını devalvasiyadan qorumağa imkan yaradıb.

Hətta “Brexit” qərarı ilə iqtisadi yavaşlama ilə üzləşən İngiltərə Mərkəzi Bankının bu həftə keçirdiyi iclasda səsvermə hüququna sahib olan üzvlərdən biri faizlərin artırılmasına səs verib.

Türkiyə Mərkəzi Bankı da martın 16-da gec likvidlik dəhlizi faizini artırıb. Finlandiya Mərkəzi Bankı da bu istiqamətdə addım atacağını açıqlayıb.

Reportun analitik qrupu dünya iqtisadiyyatı üçün ucuz maliyyələşmə dönəminin bitdiyini bildirir. FED faizləri artırmağa davam etdikcə, digər ölkələr maliyyə axını ilə üzləşməmək və valyutalarının sərt devalvasiyasının qarşısını almaq üçün faizləri artırmağa başlayacaq. Bu da öz növbəsində dünya iqtisadiyyatının yavaşlamasına gətirib çıxaracaq. Hələlik, FED dünyaya 1 il vaxt verib. Bu müddət ərzində hər bir ölkə öz maliyyə vəziyyətinə diqqət yetirməlidir. Borc alınacaqsa qısa müddətdə həll edilməli, ödəniləcək borcların ödəniş şərtləri tənzimlənməlidir.

Son xəbərlər
Oxşar xəbərlər