11 C
Baku
Thursday, November 14, 2024

FED-in gözlənilməz qərarından sonra bitcoin, qızıl və səhmlər “uçur”

ABŞ-nin səhm fyuçerslərinin kəskin artımı ilə paralel Bitcoin üç həftəlik maksimum səviyyəyə çatıb. Qızılın spot qiyməti bir unsiya üçün 2600 dollara qədər tarixi maksimum yenilədi. Bunlara səbəb isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən faiz dərəcələrini gözlənilməz şəkildə azaltması olub.

Banker.az xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası Bakı vaxtı ilə 04.00 radələrində 62 025  dollardan ticarət edilərək, əvvəlki artımında 3.9%-ə qədər yüksəlib. ABŞ-nin kapitalizasiyasına görə 500 ən iri şirkətlərinin səhmlərini ölçən “S&P 500” indeks fyuçersləri və Asiya səhmləri də yüksəlib. Belə ki, treyderlər FED-in gözlənilən faiz dərəcələrinin yumşaldılmasına başlamasına uyğunlaşmağa başlayıblar.

FED borcalma xərci sayılan uçot faiz dərəcəsini 50 baza bəndi azaldıb, bu, son dörd il ərzində ilk azalma olmaqla yanaşı iqtisadçıların konsensus gözləntisi olan 25 baza bəndini iki dəfə üstələyir. Lakin FED sədri Cerom Pauell gələcəkdə oxşar templi azalma vəd etməyib və qərarların iqtisadi məlumatlarla istiqamətləndiriləcəyini bildirib. Bu incə yanaşma bazarın ABŞ saatlarında təmkinli reaksiya verməsinə səbəb olub.

“Yumşalma dövrünün aqressiv başlaması Bitcoin də daxil olmaqla riskli aktivlər üçün əla xəbər oldu”, – deyə “Orbit Markets”in həmtəsisçisi Karolin Mauron Bloomberg-ə bildirib.

“Bazar böyük mənzərəni dərk etmək və yaxşılaşan perspektivləri əks etdirmək üçün bir neçə saata ehtiyac duyurdu”.

Fed iclasından əvvəl analitiklər arasında qərarın dörddə bir və ya yarım faiz bəndi ilə qəbul ediləcəyi barədə fikir ayrılığı var idi. Pauell və həmkarları ABŞ iqtisadiyyatının gücünü qorumağa çalışırlar, çünki əmək bazarı və inflyasiya riskləri daha balanslı hala gəlir.

“Diqqət sürətlə bu dövrün miqyasına və əhatəsinə yönələcək”, – deyə “FalconX”in araşdırma rəhbəri David Lauant bildirib. “Bundan sonra izləniləcək əsas amil iqtisadi fəaliyyətin trayektoriyası olacaq”, – deyə o əlavə edib.

Kriptovalyutalar və ənənəvi investisiyalar, məsələn, səhmlər arasında korrelyasiya (əlaqələr) son zamanlar artıb, bu da makroiqtisadi dəyişənlərin rəqəmsal aktiv bazarlarına təsir göstərdiyinin işarəsidir, – deyə Lauent qeyd edib.

Başqa bir yerdə dollar indeksi möhkəm qalıb və ABŞ xəzinədarlıq istiqrazları dəyərini itirib, bu da Pauellin gələcək pul siyasətinin yumşaldılmasının miqyasına dair verdiyi ehtiyatlı siqnalları əks etdirə bilər.

“FED-in davam edən reaksiya funksiyası hələ də aydın deyil”, – deyə “Pepperstone Group”un araşdırma rəhbəri Kris Veston bildirib. “Onlar hələ də plansız bir yoldadırlar”.

Son xəbərlər
Digər xəbərlər