ABŞ Federal Ehtiyat Sistemi (FED) öz hədəfinə çatmaq üçün tezliklə uçot dərəcəsini 8 mərhələdə, ümumilikdə 2 faiz bəndi artıraraq 3%-ə çatdırmalıdır. “Report” Nyu-Yorkda yerləşən “Elazar Advisors” maliyyə bazarları araşdırmaları şirkətinin analitiki Xaim Sigelin (Chaim Siegel) hazırladığı hesabata istinadən bildirir ki, FED-in hədəf kimi səsləndirdiyi “neytral” real faiz hədəfi 1%-dir. Bu da onu göstərir ki, hazırda inflyasiya 2% təşkil etdiyi üçün buna 1% real faiz gəliri də əlavə edildikdə uçot dərəcəsi 3% təşkil etməlidir. Buradan aydın olur ki, son zamanlar ABŞ-ın zəif iqtisadi göstəricilərinə baxmayaraq, FED faizləri artırmağa davam edəcək.
ABŞ-da keçən həftə açıqlanan fiskal xərclərin artırılması planları uçot dərəcəsini artırmaq planlarını daha da stimullaşdıracaq. Məhz bu səbəbdən FED rəhbərlərindən Erik Rozenqrin uçot dərəcəsinin 2017-ci ildə 4 dəfə artırıla biləcəyini açıqlayıb. FED rəhbərinin köməkçisi Stenli Fişer isə ABŞ iqtisadiyyatında yavaşlamanın gözlənilmədiyini bildirib.