ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin 1,75-2% səviyyəsində saxlanılmasına qərar verildi.
Banker.az bildirir ki, bu barədə yerli “Report” analitika qrupu yazır.
Məlumatda deyilir ki, ABŞ iqtisadiyyatının böyümə tendensiyası, işsizlik və istehsal bazasının müsbət göstəricilərinə görə FED-in bu ilin sonuna qədər faizləri 4 dəfə, yəni bundan sonra 2 dəfə də artıracağı proqnozlaşdırılır.
Ötəngünki qərarın təsiri isə maliyyə bazarlarında hiss olunmayıb. Belə ki, ABŞ-ın 10 il müddətinə tədavülə buraxılmış xəzinə notları qərardan əvvəl olduğu kimi illik 2,9915%-lə, 2 illik istiqrazları isə illik 2,6776%-lə ticarət olunur. Qərarın səhm bazarı üzərində də ciddi təsiri müşahidə edilmir.
Hazırda isə investorları daha çox FED-in sentyabrda keçiriləcək növbəti iclası maraqlandırır. Əksər investisiya fondlarında hesab edirlər ki, həmin iclasda faizlər 90% ehtimalla sabit qalmayacaq. Bu isə ABŞ iqtisadiyyatının həddindən artıq müsbət meyllər nümayiş etdirməsi hesabına inflyasiya qorxusunun artması ilə bağlıdır. Məsələn, bu ilin II rübündə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 4,1% artıb. Bu isə son 4 ilin ən yaxşı göstəricisidir və inflyasiya hədəfi 2% ətrafında olan FED üçün uçot dərəcəsini artırmağa əsas verir.
FED-in komissiya üzləri bu il ümumilikdə 2,8%, gələn il isə 2,4% iqtisadi artım gözləyirlər. Donald Tramp administrasiyası isə həyata keçirdiyi iqtisadi islahatlar, o cümlədən vergi yükünün azaldılması hesabına ÜDM-in artımının azı 3% olacağını proqnozlaşdırır.
ABŞ iqtisadiyyatının müsbət göstəriciləri hazırki vəziyyətdə İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) qiyməti kağızlarına olan marağın azalmasının əsas səbəblərindən biridir. Daha az riskli və daha çox gəlirli olan ABŞ qiymətli kağızları İEOÖ-lərin iqtisadiyyatına mənfi təsir edir. Lakin bunu həmin ölkələrin hamısına aid etmək olmaz.