2018-ci il Amerika Federal Ehtiyatlar Bankı (FED) üçün ən tarixi, yaddaqalan, həm də qalmaqallı illərdən biri kimi tarixə düşdü. Yeni seçilmiş sədr mandatdan irəli gələn müstəqil monetar siyasət tətbiq etməklə, öz illik hədəflərinə çatsa da, bu heç də asan başa gəlmədi.
Tramp dəfələrlə FED sədrini açıq şəkildə təndiq etdi və hətta FED sədri Povelin uçot faiz dəhlizini artırmaqla başını itirdiyini qeyd etməklə FED-in idarəetmə qabiliyyətini sual altına qoydu. 2018-ci ildə dəfələrlə uçot faiz dərəcəsini artıran FED, 2019-cu il üçün 2 dəfə faiz artımı proqnozuversə də, 2018-ci ilin son çıxışında bu fikrin əksini qeyd etdi.
Belə ki, pul siyasəti komitəsi son iclasının yekununda verilən açıqlamada, 2019-cu il üçün faiz artımında daha səbrli olacağını
qeyd etmişdi. Dünya mediası bu xəbəri FED-in Trampın siyasi təzyiqlərinə tab gətirmədiyi kimi qələmə versə də, FED bu qərarın tamamilə maliyyə vəziyyətinə görə alındığını qeyd etdi. Buməqalədə, FED-in bu qərar dəyişdirməsinin mümkün iqtisadi səbəbləri araşdırılacaq.
Birinci, onu qeyd etmək lazımdır ki, FED bu qərarı verərkən həm daxili iqtisadi vəziyyəti, həm də qlobal iqtisadi proqnozları əsas götürüb. Çünki daxili bazarda demək olar ki hər şey FED-in planına uyğun gedir; işsizlik tarixi minimumdadı və iqtisadiyyat böyüyür. Lakin FED daxili bazarın müəyyən mənada xarici bazardan asılılığını da nəzərə alaraq, faiz dərəcəsi proqnozunu dəyişdi.
Belə ki, Çin və Avrozona bazarında böyümənin azalması, Brexit-lə bağlı qeyri-müəyyənlik, Yaponiyanın yenidən “likvidlik tələsi”-nə qayıtması qlobal şoklar haqda qayğıları artırdı. Həmçinin, ABŞ və Çin arasında ticarət müharibəsinin bir dəfəlik həll edilməməsi FED-in faiz qərarını dəyişdirməyində effektiv rol oynadı.
İkinci diqqət çəkən məqam ondan ibarətdir ki, daxili bazarda işsizlik səviyyəsi son 50 ilin minimumuna ensə də, inflasiya gözləntisi aşağı düşür. Məsələ ondadır ki, iqtisadi nəzəriyyəyə görə Filips əyrisinə inansaq, işsizlik səviyyəsi ilə inflyasiya tərs mütənasib şəkildə hərəkət edir: yəni, işsizlik səviyyəsinin azalması, inflasiya ilə nəticələnir. Yuxarıda qeyd etdiyimiz kimi, Amerika hal-hazırda işsizliyin ən aşağı olduğu vaxtları yaşayır.
Məntiqlə, belə bir vaxtda FED-in inflyasiya ilə mübarizə etməsi və uçot faiz dərəcəsini artırması lazımdır. Ancaq əmək bazarında vəziyyət fərqlidir. Amerikada müxalifətin də daima təndiq etdiyi kimi, Tramp administrasiyasının yaratdığı iş yerləri daimi deyil və bazarda həmin işçilər rahatlıqla əvəz edilən olduğundan, işsizlikəmək haqqılar üzərində təzyiq yaratmır.
Əmək bazarının tendensiyalarını analiz edən FED, 2019-cu ildə işsizlik səviyyəsinin azalmasının inflasiya üzərində təzyiq yaratmayacağınıproqnozlaşdırır.
Üçüncü əsas məsələ FED-in çox sürətli faiz artımının özlərinin də qəbul etdiyi kimi bazar üçün ürküdücü olmasıdı. FED faiz dərəcəsini o qədər sürətlə artırdı ki, 2018-ci ilin sonuna doğru artıq faiz dərəcəsi real iqtisadiyyatın vəziyyətini əks etdirmirdi. Daha asan yolla belə izah etmək olar ki, ABŞ iqtisadiyyatı bir müddət elə sürətlə böyüməyə başlamışdı ki, FED böyümə qarşısında iqtisadiyyat üzərində nəzarətini itirəcəyindən qorxdu və vəziyyəti nəzarət altına almaq üçün faizi dərhal artırdı: yəni sürətlə hərəkət edən avtomobilində əyləci lazım olduğundan çox sıxdı.
Bu “əyləc” o qədər bərk sıxıldı ki, investorlar gələcəkdə faiz dərəcələrinin enəcəyini düşünərək, daha qısa müddətli alətlərə yönəldilər. Başqa sözlə, ABŞ iqtisadiyyatında uzun müddətli maliyyə alətləri, qısa müddətli alətlərdən daha aşağı faiz dərəcəsi təklif etməyə başladı. Bu daiqtisadiyyata olan inamın azaldığı demək idi.
Son olaraq onu da qeyd etmək olar ki, Amerika bazarı üçün daşınmaz əmlak bazarında olan hərəkətlənmə həmişə vacib faktor olub. FED-in son qərarından öncə Amerika daşınmaz əmlak bazarının böyümə sürəti 2015-ci ildə qeydə alınmış minimumu təkrarladı. İpoteka krediti
üzrə fazi dərəcələri uçot faiz dərəcələrinin artması ilə 5%-i keçdi və bankların problemli ipoteka portfelində böyümə qeydə alındı.
FED 2018-ci ilin sonunda bazardakı qeyri-müəyyənliyin iqtisadiyyata daha böyük zərər vurmaması üçün faiz artımında daha səbrli olacağını qeyd etdi. Beləliklə, yuxarıda qeyd etdiyimiz 4 əsas faktor FED-in uçot faiz qərarına ciddi təsirgöstərib. Ekspertlərin fikrincə, 2019-cu ildə Çinlə olan ticarətdə tariflər 25%-ə qalxdıqda, ipoteka bazarında geriləmə başlayanda və Trampın 2018-ci ildə verdiyi vergi qərarının effekti büdcədə tam hiss edildikdə, iqtisadiyyatın real vəziyyəti tam aydın görünəcək. FED isə hələlik inflyasiya təzyiqi hiss etmədiyi üçün faiz dərəcəsini sabit saxlamağa qərar verdi.
Müəllif