FED növbəti dəfə faiz dərəcəsini 3,5–3,75% səviyyəsində saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) beşinci iclas ardıcıl olaraq əsas faiz dərəcəsini illik 3,5–3,75% səviyyəsində saxlayıb. Bu barədə qurumun yaydığı mətbuat açıqlamasında bildirilir.

FED 2025-ci ilin dekabr ayından etibarən faiz dərəcəsini dəyişməz saxlayır. Bundan əvvəl isə qurum dərəcəni üç dəfə endirmişdi. Sonuncu endirim 0,25 faiz bəndi təşkil etmişdi. Bugünkü iclasda üç iştirakçı faiz dərəcəsinin dəyişməz saxlanılmasına qarşı çıxaraq onun 0,25 faiz bəndi artırılmasına səs verib.

Mətbuat açıqlamasında qeyd olunur ki, FED-in əsas məqsədlərindən biri uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiya səviyyəsinə nail olmaqdır. “Yaxın Şərqdəki münaqişənin yaratdığı yüksək qeyri-müəyyənliyə baxmayaraq, iqtisadi aktivlik sabit templərlə genişlənməkdə davam edir”, – deyə açıqlamada bildirilir.

FED həmçinin ABŞ-də əmək məhsuldarlığının və kapital qoyuluşlarının yüksək səviyyədə qaldığını, işsizlik səviyyəsinin isə demək olar ki, dəyişmədiyini vurğulayıb.

FED-in əvvəlki iclası iyunun 16–17-də keçirilib və bu, qurumun yeni sədri Kevin Uorşun rəhbərliyi ilə baş tutan ilk iclas olub. Onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülərək təsdiqlənmişdi. Tramp əvvəlki FED sədri Cerom Pauelli əsas faiz dərəcəsini ləng endirdiyinə görə tənqid edirdi. ABŞ prezidentinin fikrincə, Pauell bunu federal hökumət üçün borclanma xərclərini yüksək saxlamaq məqsədilə qəsdən edirdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər