27 C
Baku
Thursday, July 25, 2024

FED qlobal maliyyə böhranına səbəb olurmu?

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sərt pul siyasəti ritorikası bazarlarda kəskin ucuzlaşmalara səbəb olsa da, dolların həddindən artıq bahalaşmasına səbəb olur. Məşhur texnologiya investoru Keti Vuda görə, bazarların bu reaksiyası maliyyə böhranı xəbərdarlığı ola bilər.

Dünyaca məşhur texnologiya fondu şirkəti Ark Invest-in baş icraçı direktoru Keti Vud bildirib ki, səhm və istiqrazlardakı kəskin azalmalar FED-in faiz dərəcələrini aqressiv şəkildə artıraraq maliyyə böhranına səbəb ola biləcəyinə dair xəbərdarlıqdır.

ABŞ birjaları aprel ayında kəskin eniş nümayiş etdirib. Digər tərəfdən, ABŞ istiqrazlarının qiymətləri 2022-ci ilin əvvəlindən aşağı düşür. İnvestorlar isə FED-in artımı ləngitmək və sürətlə artan inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini kəskin şəkildə artıracağına inanırlar.

S&P 500 İndeksi çərşənbə axşamı 2.8% ucuzlaşdıqdan sonra ötən gün sadəcə 0.21% yüksəlib. İnvestorlar balans mövsümündə də iqtisadiyyatdan narahat qalırlar. S&P 500 İndeksi keçən ayla müqayisədə təxminən 9% ucuzlaşır.

Banker.az xəbər verir ki, Keti Vud Twitter-də belə yazıb: “Səhmlər və istiqrazlar Fed-ə onların pul siyasəti tədbirlərinin iqtisadi və ya maliyyə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edir: səhmlər “özündən gedib”, istiqraz əyrisi mənfi əraziyə yaxındır”.

Vud bu tweet-i “Deutsche” Bankın araşdırma qeydində ABŞ-da böyük bir tənəzzül proqnozlaşdırdığını bildirdiyi gün gəldi. Alman bankı FED-in inflyasiyanı kontrol altına almaq üçün faiz dərəcələrini indiki 0.25% səviyyəsindən 5%-dən yuxarı qaldırmalı olacağını bildirib.

Ark İnvest-in CEO-su bildirib ki, son günlər dolların kəskin bahalaşması xəbərdarlıq siqnalıdır və qlobal iqtisadiyyat üçün problemə çevrilib. Qeyd edək ki, ABŞ dollarını qlobal valyutalar qarşısındakı yerini göstərən ICE dollar indeksi ilin əvvəlindən bu yana 7.8% artaraq cümə axşamı günü 103.67-yə yüksəlib.

Mövzu ilə bağlı açıqlamasında Vud “Başqa bir meyar hazırda FED siyasətinin həddindən artıq məhdudlaşdırıcı olduğunu göstərir: dollar. Gözlənilənlərin əksinə olaraq, dollar ötən ilin minimumlarından 13%-dən çox bahalaşıb. Bu, inkişaf etməkdə olan bazarlar və dollar borcu olan digər bazarlar üçün real yük və güclü deflyasiya faktoru kimi önə çıxır” – deyə bildirib.

Vudun mərkəzi bankın faiz dərəcələrini artırmaq planlarının tərəfdarı olmaması olduqca normaldır. Vudun texnologiya səhmləri üstünlük təşkil edən Ark Invest fondları FED-in sərtləşdirmə siyasətləri ilə sıx təzyiq altındadır. Aprel ayı ərzində ABŞ-da səhmlərin enişinə texnologiya yönümlü səhmlər başçılıq etmişdi.

Ark Invest-in flaqman fondu Ark Innovation texnologiya şirkətləri üzrə ixtisaslaşmış birja investisiya fondudur. Fond ilin əvvəlindən 50% dəyər itirib. Çərşənbə gününə olan məlumata görə, Ark Innovation 2021-ci ilin fevral ayındaki zirvəsindən 70% aşağı düşüb.

FED-in faiz artıracağı ilə bağlı gözləntilər ABŞ Xəzinədarlığı istiqrazlarını yüksəldir. Bu, çox qazanc gətirməyən və gələcəkdə qazanc əldə edəcəyi gözlənilən şirkətləri nisbətən daha az cəlbedici göstərir.

ABŞ fond bazarlarında texnologiya yönümlü Nasdaq İndeksi ilin əvvəlindən bu yana 21.12% aşağı düşüb. Ayı bazarında olan indeks çərşənbə gününu 0.01% azalma ilə bağlayıb.

 

Son xəbərlər
Digər xəbərlər