İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti addımını anlamağa çalışırkən Bitcoin ucuzlaşıb, digər kriptovalyutalar isə artım göstəririb.
Banker.az CoinDesk-in məlumatına istinadən xəbər verir ki, dünyanın ən böyük tokeni son 24 saat ərzində 0.2% ucuzlaşaraq 113,489 dollara enib. Hazırda o, ötən həftə qeydə alınan rekord səviyyədən 9% aşağı ticarət olunur.
Kraken birjasının məlumatına əsasən, Ethereum 2,7%, Solana 2,6%, XRP isə 0,1% bahalaşıb.
Bu il rəqəmsal aktivlərin qiyməti bir sıra müsbət tənzimləyici qərarlar sayəsində kəskin artıb. Lakin ötən həftə gözləniləndən yüksək çıxan topdansatış inflyasiyası barədə məlumatdan sonra yüksəliş tempini bir qədər itirib.
Cümə günü FED sədri Cerom Pauellin Cekson-Hol İqtisadi Simpoziumunda çıxışı kriptovalyutalar üçün həlledici məqam ola bilər. Əgər Pauell tezliklə faiz dərəcələrinin azaldılacağı barədə siqnal versə, bu, rallini yenidən canlandıra bilər. Borclanma xərcləri azaldıqda, kriptovalyutalar adətən daha cəlbedici olur, çünki onlar aşağı gəlirli aktivlər — məsələn, istiqrazlar və ya nağd vəsaitlə müqayisədə üstünlük qazanır.
Bundan başqa, kripto investorlarının ticarət edə biləcəyi yeni bir mem-koin də peyda olub. Repçi Kanyye Uest (indi Ye adı ilə tanınır) dünən axşam X sosial şəbəkəsində yeni kriptovalyuta — YZY Money buraxacağını açıqlayıb. Token “Solana” blokçeynində ticarət olunacaq. Onun buraxılışı isə məhz qanunvericilərin altkoinlərin necə tənzimlənəcəyinə baxdığı dövrə təsadüf edir və legitimliyi ilə bağlı suallar müzakirələri daha da qızışdıracaq.