21 C
Baku
Bazar, Sentyabr 19, 2021

Fermalar qurmağı vəd edərək 80 mln. dollarla qaçdı: “Farm Bank” oyununun yaradıcısının hekayəsi

Screen Shot 2021 09 02 at 14.34.20

21 noyabr 2019-cu il tarixində Rəcəb Ataş İstanbulun kənarındakı atış poliqonuna getdi və hədəfə bir neçə güllə atdıqdan sonra intihar etdi. Ataşın atası jurnalistlərə verdiyi açıqlamada oğlunun böyük kreditə görə depressiyaya düşdüyünü söylədi. O, Farm Bank oyununa sərmayə qoyaraq, bütün pullarının itirdi.

Farm Bank – 2016-cı ildə yaradılan və Facebook-un Farmville oyununun mobil analoqu olan bir oyundur. Xidmətin iqtisadiyyatı aşağıdakı kimi işləyirdi:

– Oyuna qoşulan istifadəçilər real pulla virtual heyvanlar və kənd təsərrüfatı avadanlıqlarını alırdılar;

– Şirkət insanlara oyuna sərf etdikləri vaxta və yeni istifadəçilər cəlb etdiklərinə görə pul verirdi. Ödənişlərin 95%-i real, yerdə qalan 5%-i isə Farm Bank məhsullarını almaq üçün çek şəklində verilirdi;

– Oyundan qazanılan pulun Türkiyə ərazisində fermaların inşasına xərclənməsi planlaşdırılırdı.

download 1 1

Minlərlə oyunçu dostlarına və ailəsinə oyundakı investisiyalarından danışırdı. Rest of World nəşrinin müəlliflərinə görə, əslində bu bir maliyyə piramidası idi. İlkin mərhələdə Farm Bank verdiyi vədlərə əməl edirdi və gerçək təsərrüfatlar yaradırdı. Onlardan birinin açılışında hətta Türkiyə siyasətçiləri belə iştirak etmişdi.

download 2 1

Tədricən Farm Bank biznes-modelini çətinləşdirməyə başladı. 2017-ci ildə şirkət Türkiyədə ticarət franşizini işə saldı. Françayzerlər ona təxminən 30 min dollar ödəyirdi və kolbasa, pendir, kərə yağı, bal və oyundan olan digər məhsulların satıldığı mağazalar açırdı. Farm Bank mağaza sahiblərinə çeklərlə alınan ərzaq məhsullarına görə əlavə 20% mükafat verirdi. Bütün məhsullar şirkətin adını daşısa da, əslində tərəfdaşlardan alınırdı. Zaman keçdikcə ölkədə bu cür franşızaların sayı 100-ü keçdi.

download 3 1

Populyarlığının zirvəsində Farm Bank oyununu 500 mindən çox adam oynayırdı. Onlardan 132 min nəfər real pul sərmayə etmişdi və nəticədə bütün investisiyalarını itirmişdi.

2018-ci ilin mart ayında 27 yaşlı Mehmet Aydın istifadəçilərin pulları ilə birlikdə Türkiyədən qaçdı. Qeyd olunur ki, iki ildən az olan müddətdə şirkətə təxminən 250 milyon dollar sərmayə qoyuldu – sahibkar “lüks” həyat tərzi sürdüyü Cənubi Amerikaya köçdü.

Mehmet Aydın kimdir

Aydın 1991-ci ildə Türkiyənin Bursa şəhərində əkinçi ailəsində anadan olub. Rest of World onun çətin xarakterli biri olduğunu yazır: Mehmet məktəbi atır və yerli kafelərdən birində qabyuyan kimi işləyir, eyni zamanda məşhur repçi olmağı xəyal edir.

Bir gün Mehmet Aydın insanları çılpaq görməyə imkan verən eynək icad etdiyini açıqlayır və onu satır.

Gənc sahibkar onlayn oyunlara ilk dəfə 2016-cı ildə maraq göstərməyə başlayır. Və repçi karyerasına başlayanda bir oyun dizayneri ilə tanış olur. 2016-cı ildə Mehmet Aydın təxminən 3 min dollar sərmayə ilə şirkət yaradır.

İlk səkkiz ayda oyun 50 min istifadəçi cəlb edir. 2017-ci ildə reklam məqsədilə Aydın Bursada iki ferma və 400 baş mal-qara alır, nəticədə şirkətin gəliri 800% artır.

Bundan əlavə, o, vergilərdən yayınmaq üçün Şimali Kiprdə 14 milyon dollar kapitalı olan şirkət qurur və bu yolla oyunçulardan aldığı pulları xaricə köçürməyə başlayır. Nəşr Aydını “sadəlövh bir oğlan” kimi xarakterizə edir: o, qalstuksuz köynəklər geyinirdi, çox sadə görünürdü və Avropanın ən böyük südçülük təsərrüfatını açacağına söz verirdi.

“Biz oyunçuları ofislərimizi və təsərrüfatlarımızı görməyə dəvət edirik. Əgər ikinci dəfə bizi ziyarət edəndə irəliyə getmədiyimizi görsəniz, pulunuzu geri götürün”, – deyə Mehmet Aydın istifadəçilərə çağırış etdi.

Türklər üçün bu xüsusilə cəlbedici idi, çünki son illərdə ölkənin kənd təsərrüfatı sektoru böhrana qərq olmuşdu və “ferma” sözü çoxlarında həsrət hissi oyadırdı. Nəticədə, mediadakı reklamlar və tərifləyici məqalələr sayəsində istifadəçilər bu oyun vasitəsilə pul qazana biləcəklərinə və kənd təsərrüfatına dəstək verəcəklərinə inandılar.

Farm Bank-ın inkişafı və çöküşü

Proqramçı Yurdakul şirkətə 2017-cı ildə qatıldı. Onun sözlərinə görə, Aydın tətbiqetmənin funksionallığından narazı idi. Həmin dövrdə Farm Bank-ın bütün ssenarilərini və funksiyalarını təkrarlayan bir neçə klonu var idi. Yurdakul kodu sıfırdan yazdı və oyunun qrafikasını xeyli yaxşılaşdırmış oldu. “Bu şəkildə Aydının hörmətini qazandım, o bu qədər fədakarlıqla çalışan insanlara öyrəşməmişdi”, – deyə Yurdakul müsahibədə söyləyib.

Şirkətin qlobal planları var idi: 2017-ci ilin ortalarında oyunun yeni versiyası Almaniya və Azərbaycanda işləməyə başladı. Aydın Yurdakul da daxil olmaqla komandanı Argentinaya köçürtdü və Buenos-Ayresdə ofis açdı.

Uğurlara baxmayaraq, Yurdakul həm işdə, həm də Aydının özündə bir sıra qəribəlikləri görməyə başladı. Məsələn, Aydının Uruqvaydan Türkiyəyə getmək üçün təyyarəyə 162 min dollar xərclədiyi üzə çıxdı. “Bir tərəfdən, onun hərəkətlərinin məntiqini başa düşə bilmirdim, digər tərəfdən isə bu mənim məsuliyyətim deyildi. O, rəhbər idi və nə istəsə edə bilərdi”, – Yurdakul xatırlayır.

2017-ci ilin noyabrında Türkiyə tənzimləyicilərinin Farm Bank-a marağı artdı. Onun Şimali Kiprdə təsis edilən saxta şirkət vasitəsilə fəaliyyət göstərdiyi üzə çıxdı. Dekabrda Aydın yeni fermalar açmağa davam etsə də, franşiza nöqtələrinə ödənişlər gəlmirdi. 2018-ci ilin fevral ayından etibarən Şikayetvar saytında oyunçuların şikayətləri görünməyə başladı.

2018-ci ilin əvvəlində Yurdakul Aydına öz şirkətini açmaq istədiyini və Farm Bank ilə yalnız frilanser kimi çalışmağa davam etməyə hazır olduğunu söylədi. Aydın razılaşdı, lakin bu, Yurdakulu ittihamlardan qurtara bilmədi.

Eyni ilin martında Türkiyənin Ticarət Nazirliyi Farm Bank-ın fırıldaqçılıqla məşğul olduğunu təsbit etdi. Şirkətə qarşı cinayət işi açıldı. Hökumət Yurdakul, Aydın və digər bir sıra işçilərin həbsi ilə bağlı qərar çıxardı.

“Dəbdəbəli” həyat və qurucunun həbsi

2018-2019-cu illərdə Aydının oyunçulardan milyonlar oğurlayaraq Uruqvaya qaçması xəbəri çıxdı, bu səbəbdən Türkiyə hökuməti Farm Bank-ı müsadirə etdi. Bundan əlavə, media şirkət qurucusunun intiharı ilə bağlı saxta məlumat yaydı – guya o özünü hotelin pəncərəsindən atdı.

2018-ci ilin mart ayında Mehmet Aydın Uruqvayda olarkən hadisələrin öz versiyasını səs şəklində yazdı. “Türkiyədə həbsxanaya düşmək əvəzinə, Uruqvayda işimə davam edəcəyəm və borclu olduğum pulları insanlara qaytarmağa çalışacağam”, – deyə sahibkar vurğuladı.

Yurdakul ittiham irəli sürülmədən bir il müddətində 50 nəfərlik həbsxanada yatdı. 2019-cu ilin iyulunda o sərbəst buraxıldı. Jurnalist Yurdakuldan Aydını saxtakar şəxs hesab edib-etmədiyini soruşduqda, o cavab verdi: “Məncə, insanlar özləri özlərini aldatdılar”.

download 4

Nəhayət, 1 iyul 2021-ci ildə Aydın San-Pauluda yerləşən Türkiyə konsolluğunda təslim oldu. O, Türkiyəyə ekstradisiya edildi. Şirkət qurucusunun dediyinə görə, səlahiyyətlilər onun Ferrari markalı avtomobilini və 600-700 min dollar dəyərində yaxtasını müsadirə etdi. 80.5 milyon dollar nağd pulla ölkədən qaçdıqdan sonra Aydın bütün pullarını itirdi və cibində 13 dollarla Türkiyəyə qayıtdı.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər