Azərbaycanda bir neçə rayonda yerfındığı yetişdirilir. Belə rayonlardan biri də Kürdəmirdir.
Kürdəmirin Mollakənd kəndində yerfındığı əkininə başlanılıb. Kənd sakini Həsənbəy Həsənov bildirib ki, 30 ildən çoxdur yerfındığı əkini ilə məşğuldur: “Toxumluq yerfındığı bar verən məhsuldan seçilərək götürülür. Əkindən öncə, fevral ayında torpaq arat olunur, mala çəkilir, may ayında isə toxum əkilir. Hər hektara 180-200 kiloqram toxum səpilir. On-on beş günə bitki çıxış verdikdən sonra kultivasiya işləri görülür və sahə alaq otlarından təmizlənir. Bundan sonra isə gübrə verilərək suvarma işləri aparılır. Aqrotexniki qulluq bitki yığılana qədər 3-4 dəfə təkrarlanır. Sentyabr ayında isə yığım aparılır”.
Yerfındığı sahədə yığılaraq qurudulur və tədarük olunur. Hər hektara 25-30 sentner məhsul verən yerfındığının qiyməti də fermerləri qane edir. Təsərrüfat sahibi qeyd edib ki, yerfındığı qurudulmuş formada 3-3,5 manat, ləpəsi isə 5 manat civarında satılır. Bu bitkidən əsasən şirniyyatların hazırlanmasında istifadə olunur.
Artıq gənc fermerlər də bu bitkinin əkin sirlərini öyrənməyə başlayıblar. Kənd sakini Pərvin Həsənov deyir ki, ilk dəfədir yerfındığı əkir: “Fındığı əkənlər ondan yaxşı gəlir götürdüklərinə görə, mən də bu işə başladım. Bir hektar sahədə əkin aparmışam, inşallah bol məhsul götürərəm”.
Qeyd edək ki, Kürdəmirdə bu il 10 hektar ərazidə yerfındığı əkilməsi nəzərdə tutulub.