12 C
Baku
Saturday, November 23, 2024

Fermerlər təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə məhsul subsidiyası alacaqlar

Bakı Biznes Mərkəzində “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar görüş keçirilib.

Banker.az xəbər verir ki, görüşdə kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, taxıl istehsalçıları və fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən Fərmanın icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxsləri bildiriblər ki, iqtisadiyyatın digər sahələri kimi aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

“Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsziliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risklərin qarşısının alınması üçün cənab Prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq Fərman imzalanıb. Sənədə əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur” – görüş zamanı vurğlanıb.

Qeyd olunub ki, fermerlər bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar.

Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Digər tərəfdən, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunacaq. Bununla da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq, ərzaq təhlükəsziliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Görüşdə taxılçılıqda yeni innovativ texnologiyalar tətbiq edilməklə keyfiyyətli toxum istehsalı, sertifikatlı toxumlardan istifadənin genişlənməsi, taxıl sahələrində düzgün aqrotexniki qulluq, suvarma suyu ilə təminat, bitkilərin məhsuldarlığı və keyfiyyətinin yüksəldilməsi üçün müasir resursqoruyucu texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin geniş tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub, taxılçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər