15 C
Baku
Thursday, March 28, 2024

FES-in uçot dərəcəsini artırması manata necə təsir edəcək?

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES – Mərkəzi Bank) baza faizini 2-2,25 faizdən 2,25-2,5 faizə qədər artırıb.

“Narahat olmağa dəyməz”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, FES-in uçot dərəcəsini artırmasının təsirləri böyük olmayacaq:

“Ola bilər qonşu dövlətlərin milli valyutalarının məzənnəsinə təsir etsin. Azərbaycan manatının məzənnəsi möhkəm və sabit olduğundan bizə təsirləri gözlənilmir”.

V.Əhmədov qeyd edib ki, faiz dərəcəsinin cüzi artımından narahat olmağa dəyməz:

“Fazi dərəcəsi 0,25 faiz artırılıb. Bu o qədər də böyük faiz deyil. Azərbaycan iqtisadiyyatının inkişaf dərəcəsi normal gedir, ciddi problemlərimiz yoxdur. Neftin qiyməti də 60 dollar səviyyəsindədir. Ona görə də narahat olmağa dəyməz”.

Parlamentarinin sözlərinə görə, neft qiymətləri kəskin ucuzlaşarsa, problemlər gözlənilə bilər:

“Amma ümumilikdə vəziyyət qənaətbəxşdir”.

FES-in faiz artımı sürpriz olmadı

İqtisadçı Natiq Cəfərli modern.az-a danışarkən bildirib ki, FES-in faiz artımına gedəcəyi əvvəlcədən bəlli idi:

“Ən böyük intriqalardan biri ABŞ prezidenti Donald Trampın ictimai çıxışlar vasitəsilə Federal Ehtiyatlar Sisteminə faiz dərəcəsini artırmaması ilə bağlı basqısı idi. O, faiz artımının Amerika iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracağını söyləyirdi. Əsas məsələ toplantı zamanı FES rəhbəri Cerom Pauelinin açıqlamalarına diqqətin yönəlməsi idi. Suallar da məhz bu istiqamətdə idi. O da öz növbəsində FES-in müstəqil qurum olduğunu, prezidentin fikirlərini diqqətə alınacağını, amma həlledici olmayacağını bildirdi. Trampın istəyilə gələn ilin faiz artımı tempinin azaldılması daha çox iqtisadi yüksəlişə doğru addımların atılacağı ilə bağlı öncədən zəmanət verdi ki, bu da bazarlarda, birjalarda müsbət haldır. Hansı ki, dolların bahalaşmasının qarşısını alır”.

“Trampın istəyi qısamüddətli reallaşdı”

Ekspertin fikrincə, Donald Trampın siyasətinin əsas elementlərindən biri dolların  bahalaşmamasıdır:

“Bunun nəticəsidir ki, birjalarda dolların bahalaşmasını görmədik. Hətta az da olsa,  əsas valyutalara qarşı ucuzlaşma müşahidə edilir. Ona görə də FES-in 19 dekabr toplantısında ictimai rəyin daha yaxşı idarə edilməsi nəticəsində qurum həm öz simasını qorudu, həm də gələcəkdə Amerika iqtisadiyyatında dolların möhkəmlənməsinin qarşısını ala biləcək gücdə olduğuna dair mesajlar verərək,  birjaları sakitləşdirdi. Bununla da gedişat Trampın istəyi üzrə gerçəkləşmiş oldu. Amma nəzərə almaq lazımdır ki, bunlar qısamüddətli təsirlərdir. Orta və uzunmüddətli təsirlər üçün dolların bahalaşması müşahidə oluna bilər. Çünki Amerikanın uçot dərəcəsinin artırılması dünyada kreditlərin bahalaşmasına və  dolların öz “evi”nə geri dönməsinə səbəb olacaq. Bu da dünya iqtisadiyyatında kreditləşmənin zəifləməsinə və bahalaşmasına səbəb olan faktora çevirlə bilər. Əgər doğrudan da 2019-cu ildə elan olunduğu kimi faiz artımı olsa, bu zaman dolların bahalaşması dünya miqyasında qaçılmaz faktora çevriləcək.

Ümimilikdə, FES-in sonuncu toplantısı çox düzgün şəkildə idarə edildi. Həm Ağ ev, həm də FES rəhbərliyi sözlü müdaxilələrlə birjaları yönləndirməyi bacardılar, faiz artımına gedilməklə, dolların bahalaşmasına zəmin yaratmadılar”.

“Dollar bahalaşdıqca, neft ucuzlaşacaq”

N.Cəfərli FES-in qərarının ölkəmizə təsirlərindən də danışıb:

“Faiz artımının Azərbaycana birbaşa təsirləri yoxdur. Çünki bizdə vayuta birjaları fəaliyyət göstərmir. Günlük, yaxud dəqiqəlik valyuta məzənnəsi müəyyənləşdirilmir. Bizdə daha çox inzibati qaydada tənzimlənən məzənnə aktualdır. Ona görə də belə qərarların Azərbaycana birbaşa təsirləri olmur. Amma dolayı təsirləri əlbəttə ki, olacaq. Dünyada dollar bahalaşdıqca, qonşu ölkələrin milli valyutalarına təsir edəcək. Bu da ölkəyə gətirilən məhsulların həcminə və qiymətinə təsir göstərəcək ki, Azərbaycanda inflyasiya proseslərini sürətləndirə bilər. Həmçinin bu, istehsalın zəifləməsinə və xaricdən daha çox məhsul gətirilməsinin stimullaşdırılmasına yol aça bilər. İkinci səbəb neft qiymətlərilə bağlıdır. Son 50 ildə bahalı dollar nefti ucuzlaşdıran əsas faktora çevirlir. Və getdikcə dollar bahalaşdıqca, neft ucuzlaşacaq ki, bu da həm büdcə daxilolmalarının, həm valyuta daxilolmalarının, həm də ÜDM-nin aşağı düşməsinə səbəb olacaq”.

 

Qeyd edək ki, 2018-ci ildə baza faiz dərəcəsi martda, iyunda və sentyabrda artırılıb. 2017-ci ildə FES baza faiz dərəcəsini 3 dəfə, 2016 və 2015-ci illərdə isə 1 dəfə artırıb.

Uçot dərəcəsi  (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsi aşağı salındıqda kommersiya banklarının Mərkəzi Bankın pullarına olan tələbi artır, onlar daha çox pul götürməyə çalışır, bunun sayəsində maliyyə imkanlarını böyüdür.

Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarında əks reaksiya müşahidə olunur: Mərkəzi Bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Son xəbərlər
Digər xəbərlər