12 C
Baku
Saturday, November 23, 2024

Fevralda 26 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb

Bu ilin fevral ayı ərzində 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8.1% çoxdur.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, aylıq göstəricinin 7 587-i (17.02%-i) ilkin, 18 607-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Nazirlikdən verilən məlumata əsasən, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 718-i fərdi yaşayış və bağ evi, 6 293-ü mənzil, 15 302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si  isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Ötən ay ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5.1% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3.6 dəfə artaraq 4 612 olub.

Fevral ayı ərzində 20 948 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% artım deməkdir. 2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32.6% artaraq 4 723 olub.

Son xəbərlər
Digər xəbərlər