İranda inflyasiyanın səviyyəsi bu ilin fevralında 53.4 faiz təşkil edib.
Bu İran Statistika Mərkəzinin açıqlamasında bildirilib.
Tehranın Əllamə Təbatəbayi adına Universitetinin iqtisadiyyat üzrə professoru Fərşad Mömini son üç onillikdə İran iqtisadiyyatını “ən təxribatçı” adlandıraraq yürüdülən sosial siyasəti tənqid edib. O, xəbərdarlıq edərək bildirib ki, hökumət institusional strukturun əsaslı şəkildə yenidən qurulmasına razılıq verməzsə, o halda İran iqtisadiyyatı qalmayacaq.
Onun sözlərinə görə, ölkədə xalqın süfrəsinin üçdə biri dağıdılıb və İranda əhalinin yoxsulluq həddinin altında yaşayan qisminin sayı artıb. İqtisadçı vurğulayıb ki, ötən il İranda ən azı 25 500 000 nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Fərşad Mömini sosial təhlükəsizlik sistemini İrandakı böhran mərkəzlərindən biri adlandırıb:
“Bu məlumatı dramatik yaradacılıqla gizlədə bilərsiniz, ancaq onun ağır nəticəsi ölkədə hiss olunacaq”.
Xatırladaq ki, başqa bir iqtisadçı alim Hüseyn Raqofər ötən ay xatırlatmışdı ki, İran hakimiyyəti siyasi reallıqlara əhəmiyyət verməzsə, ölkə tarixi böhranlarla üzləşəcək.
Qeyd edək ki, İranda bir dollar 50 000 tüməndən baha mübadilə edilir.