9 C
Baku
Thursday, December 12, 2024

Fevralın 19-da magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 19-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 24‑dən fevralın 9-dək aparılıb. İmtahanda iştirak etmək üçün 18724 bakalavr ərizə təqdim edib. Onlardan 17190 nəfər Azərbaycan bölməsi, 1534 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13635, Naxçıvanda 501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 18-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər