Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.
Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.
Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı – 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.