Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən verilən məlumata görə, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.
Ərazidə, əsasən, kol-kos və qurumuş ağac kötükləri yanır.
Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava mane olur.