Avtomobil istehsalçısı “Fiat Chrysler” şirkəti “dizel qalmaqalı” üzrə məhkəmə iddialarının tənzimlənməsi üçün 700 milyon ABŞ dollarından artıq ödəmə edəcək.
Banker.az “Finans.az”-a istinadən xəbər verir ki, bu vəsaitin 311 mln. dolları Ədliyyə Nazirliyinə, 75 mln. dolları konresnə qarşı təhqiqat aparan ştatların hakimiyyətinə, 280 mln. dolları avtomobil sahiblərinin iddiaları üzrə və açıqlanmayan məbləğə ətraf mühitin çirklənməsinə görə hakimiyyətə ödəniləcək.
Bu razılaşma haqqında rəsmi olaraq gün ərzində xəbər veriləcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ Ədliyyə nazirliyi “Fiat Chrysler”ə qarşı iddianı 2017-ci ilin mayında qaldırıb. Bundan başqa bir sıra ştat şirkətə qarşı ayrıca təhqiqat başladıb. Eyni zamanda onlarla avtomobil sahibi də kollektiv iddia ilə çıxış edib.
ABŞ-ın Ətraf Mühitin Qorunması üzrə Federal Agentliyi və Kaliforniya ştatının hakimiyyəti avtokonsernin öz dizel avtomobillərində qanunsuz proqram təminatı quraşdırdığını bəyan edib. Həmin proqram təminatı tullantıların real səviyyəsini gizlətməyə və ABŞ ekoloji standartlarını pozmağa imkan verib. Söhbət 2014-cü ildən satılan, o cümlədən “Jeep Grand Cherokee” və pikap “Ram” modelindən olan 100 mindən çox avtomobildən gedir.