14 C
Baku
Saturday, November 23, 2024

Fidan Tofidi: “Azərbaycanda xüsusi tənzimləmə rejimi 5 mərhələli olacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nı təsdiqləyib. Qərara əsasən, xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq üçün innovativ məhsul və ərizəçi ilə bağlı tələblər müəyyənləşib, fəaliyyət istiqamətləri təyin olunub. Artıq müraciətlərin qəbuluna da başlanıb.

Ümumilikdə xüsusi tənzimləmə rejiminin əhəmiyyəti, qoyulan tələblər və fəaliyyət istiqamətləri barədə Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi danışıb.

– Xüsusi tənzimləmə rejimi barədə qısa məlumat verərdiniz.

– “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna edilən dəyişiklikdən sonra Qanunun 50-ci maddəsinə əsasən Mərkəzi Banka maliyyə bazarlarında innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimini tətbiq etmək hüququ verilib. Beləliklə də, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 31 yanvar tarixli qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” təsdiqlənib.

Xüsusi tənzimləmə rejimi hüquqi şəxslər tərəfindən innovativ məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti ilə sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur. Bu qaydaların tələblərinə cavab verən innovativ xidmət və məhsullar Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaq üçün qəbul olunurlar. Sınaq müddətini uğurla başa çatdıran innovativ xidmət və məhsulların maliyyə bazarlarında tətbiqi, həmçinin xüsusi tənzimləmə rejimi vasitəsilə bu sahədə tənzimləmə çərçivəsinin yaradılması nəzərdə tutulub.

– Xüsusi tənzimləmə rejimində iştirakla bağlı tələblər hansılardır?

– Qeyd etmək istərdim ki, xüsusi tənzimləmə rejimində iştirakla bağlı tələblər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” ilə müəyyən edilib. Müraciətlərin dəyərləndirilməsi prosesi bir sıra meyarlar üzrə aparılır. Belə ki, innovativ məhsul yerli bazar üçün yeni olmalı və bazarda maliyyə inklüzivliyini artırmalı, maliyyə xidmətlərinin istifadəçiləri üçün təhlükəsiz və daha əlçatanlığı təmin etməlidir. Həmçinin innovativ məhsul real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalıdır.

Sınağın nəticəsi uğurlu olduğu təqdirdə ərizəçinin innovativ məhsulu Azərbaycanda tətbiq etmək niyyətini ifadə etməlidir. İnnovativ məhsulun tətbiqi potensial sistem riskləri yaratmamalıdır. Eyni zamanda məhsul cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını artırmamalıdır. İnnovativ məhsul üzrə risk təhlili aparılmalı, baş verə biləcək risklərin, o cümlədən istifadəçilərin məlumatlarının konfidensiallığının qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən edilməlidir. Bundan əlavə ərizəçinin benefisiar mülkiyyətçiləri, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, habelə mühüm iştirak pay sahibləri, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri vətəndaş qüsursuzluğuna, innovativ məhsulu təhlükəsiz təqdim etmək üçün ərizəçi isə yetərli maliyyə və insan resurslarına, habelə zəruri infrastruktura malik olmalıdır.

– Xüsusi tənzimləmə rejimi çərçivəsində fəaliyyətin təşkili hansı mərhələlərdən ibarət olacaqdır?

– Xüsusi tənzimləmə rejimi üzrə fəaliyyətin təşkili və idarə edilməsi 5 mərhələdə nəzərdə tutulub. İlk mərhələ xüsusi tənzimləmə rejiminin tətbiqi barədə qərarın qəbul edilməsi mərhələsidir. Bu mərhələ çərçivəsində Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejiminin tətbiqi dövrü müəyyən edilərək rəsmi internet səhifələri vasitəsilə elan olunur. Elanda xüsusi tənzimləmə rejiminin əhatə dairəsi, rejimdə iştirakla bağlı müraciətlərin qəbulu dövrü, müraciətlərin qəbulu qaydası, eləcə də zəruri sənəd və məlumatların siyahısı açıqlanır.

Növbəti mərhələ müraciətlərin qəbul edilməsi və ilkin qiymətləndirilməsi mərhələsidir. Hazırda davam edən bu mərhələdə ərizəçilərdən müvafiq sənədlər və ərizələr toplanılır və ilkin qiymətləndirilmə aparılır.

Sonrakı mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirilmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından qiymətləndirilmə aparılır və yekun qərar verilir. Mərhələ zamanı sınaq şərtləri müəyyənləşdirilir, həmçinin tələblərə uyğun gələn ərizəçilər ilə xüsusi tənzimləmə rejimində iştirakla bağlı müqavilələr bağlanılır. Bu məqamda bir məlumatı vurğulamaq istərdim. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 aydan çox təyin oluna bilməz.

Sınağın keçirilməsi mərhələsində Mərkəzi Bank iştirakçının fəaliyyətinə dair dövri olaraq hesabatlar alır və təhlil edir, iştirakçının fəaliyyətinin monitorinqini aparır. Həmçinin Mərkəzi Bank innovativ məhsulun test məqsədli alışını da həyata keçirir.

Xüsusi tənzimləmə rejimində iştiraka xitam verilməsi mərhələsi rejimin yekun mərhələsidir. Sınaq nəticələrinə əsasən iştirakçı müqavilədə göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə nail olubsa və ya istifadəçilər, yaxud maliyyə sabitliyi üçün potensial risklər müəyyən edilməyibsə, sınaq uğurlu hesab edilir. Əks təqdirdə isə sınaq uğursuz hesab edilir. Yekun olaraq sınağın nəticəsi uğurlu hesab edildikə müvafiq hüquqi aktların hazırlanması ilə bağlı təkliflər Mərkəzi Bankın İdarə Heyətinə baxılması üçün təqdim edilir.

– Hazırda xüsusi tənzimlə rejiminə müraciətlər qəbul edilir. Bu proses barədə məlumat verərdiniz.

– Doğru qeyd edirsiniz, hazırda müraciətlərin qəbulu davam edir. Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qəbulu dövründən 1 ay əvvəl Mərkəzi Bank tərəfindən rəsmi internet səhifələrində elan yerləşdirilib. 2024-cü il mayın 1-dən başlanılan müraciətlərin qəbulu dövrü bu ilin may ayının 31-dək davam edəcək.

İnnovativ məhsul və xidmətlərin rejimə cəlb edilməsi istiqamətində davamlı tədbirlər və məlumatlandırma sessiyaları keçiririk. Bu məqsədlə maliyyə bazarlarında fəaliyyət göstərən assosiasiyalar və aidiyyəti dövlət qurumları ilə sıx kommunikasiya aparırıq.

– Xüsusi tənzimləmə rejimi iqtisadi inkişafa, o cümlədən fintex ekosisteminə nə kimi töhfə verə bilər?

– Xüsusi tənzimləmə rejiminin yaradılmasında başlıca məqsəd maliyyə bazarlarına innovativ məhsul və xidmətlərin təhlükəsiz qaydada təqdim edilməsi ilə maliyyə inklüzivliyinin genişləndirilməsidir. Bildiyiniz kimi, Mərkəzi Bank qanunvericiliyə uyğun olaraq maliyyə bazarlarına nəzarət və tənzimləmə funksiyasına malikdir. Bununla yanaşı Mərkəzi Bank xüsusi tənzimləmə rejimi vasitəsilə maliyyə bazarlarında innovasiyaları təşviq etməklə maliyyə əlçatanlığını dəstəkləməyi hədəfləyir.

Biz inanırıq ki, günün tələbi olan maliyyə xidmətlərinin rəqəmsallaşması və innovasiyaların maliyyə bazarlarında tətbiqinin təşviq olunması maliyyə inklüzivliyinin genişləndirilməsinə təkan verəcək. Həmçinin xüsusi tənzimləmə rejimi istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə olacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər