Böyük Britaniyanın “Financial Times” qəzeti biznes məktəblərin MBA proqramlarının keyfiyyətinə əsaslanan illik qlobal reytinqini dərc edib. Ən yaxşılar siyahısına 100 təhsil müəssisəsi daxil edilib.
Reytinqin metodologiyası
Qeyd edək ki, qiymətləndirmədə iştirak etmək üçün AACSB və ya EQUIS akkreditasiyası olan və ən azı üç il fəaliyyət göstərən biznes məktəbləri müraciət edib. Qiymətləndirmə zamanı üç qrup meyar nəzərə alınıb:
Məzun sorğusunun nəticələri (56%). Bu meyarlar qrupuna səkkiz göstərici daxildir ki, bunlardan ikisi ən böyük çəkiyə malikdir: proqramı bitirdikdən üç il sonra məzunların orta gəliri (16%) və MBA dərəcəsi aldıqdan sonra məzunların əməkhaqlarının artması (16%). Digər meyarlara aşağıdakılar daxildir: təhsilin keyfiyyət və kəmiyyət nisbəti (5%), məzunların cəmiyyətdəki effektivliyi (4%), onların öyrənmə məqsədlərinə nail olması (4%), MBA məzunlarının daxil olduğu sənayelərin müxtəlifliyi (3%) və s. Sorğu 2021-ci ildə MBA dərəcəsi almış 6299 nəfər arasında keçirilib.
Biznes məktəbi haqqında məlumat (34%). Bu qrupa məktəbin karbon izini (4%), beynəlxalq mübadilə proqramlarında və təcrübələrdə iştirakını (3%), ESG və davamlı inkişafın öyrədilməsi (3%), məktəbin professor-müəllim heyətinin, tələbələrin və şura üzvlərinin gender və milliyyət üzrə müxtəlifliyini (hər biri orta hesabla 3%) qiymətləndirən meyarlar daxildir.
Elmi nəşrlər (10%). Proqram təlimatçılarının 50 aparıcı elmi jurnalda dərc etdikləri məqalələrin sayı nəzərə alınır.
Reytinqin nəticələri
İlk beşliyə Amerika və Avropa biznes məktəbləri daxil olub. İlk iki sıranı müvafiq proqramları olan ABŞ təhsil müəssisələri tutub. Pensilvaniya Universitetinin Uorton məktəbi ardıcıl 12 ildir ki, birinci yeri tutur. O, əsasən professor-müəllim heyətinin elmi nəşrlərinin sayına görə liderliyini qoruyub saxlaya bilir. İkinci yerdə bir il ərzində bir pillə irəliləyən Kolumbiya Biznes Məktəbi qərarlaşıb. İspaniyanın IESE məktəbi beşincidən üçüncü yerə yüksəlib.
Fransanın INSEAD biznes məktəbi bu il ilk 3-lükdən ayrılıb: ikinci yerdən dördüncü yerə düşüb. Keçən il Kolumbiya Universiteti biznes məktəbi ilə üçüncü yeri bölüşən İtaliyanın Bocconi məktəbi də eyni pillədədir.
MBA proqramının keyfiyyətinə görə 10 ən yaxşı biznes məktəbi:
- University of Pennsylvania: Wharton (ABŞ)
- Columbia Business School (ABŞ)
- IESE Business School (İspaniya)
- Insead (Fransa)
- SDA Bocconi School of Management (İtaliya)
- MIT: Sloan (ABŞ)
- London Business School (Böyük Britaniya)
- Esade Business School (İspaniya)
- HEC Paris (Fransa)
- Northwestern University, Kellogg School of Management (ABŞ)
Şanxayda yerləşən Çin Avropa Beynəlxalq Biznes Məktəbi (CEIBS) 12-ci yeri tutaraq reytinqin Asiya seqmentində lider olub. Ümumilikdə siyahıya beş Çin, üç Honkonq, iki Sinqapur və bir Cənubi Koreya məktəbi daxildir.
MBA proqramını bitirdikdən üç il sonra məzunların gəlirləri baxımından liderlər bunlardır: Harvard Biznes Məktəbi (ildə 257 000 dollar), Kolumbiya Biznes Məktəbi (243 000 dollar) və Pensilvaniya Universitetində Uorton Biznes Məktəbi (242 000 dollar). Maaş artımının ən yaxşı göstəricisi Hindistan məktəblərinin məzunları arasındadır.