23 C
Baku
Saturday, June 7, 2025

“Financial Times”: ABŞ-də şist bumu sona çatır

ABŞ-nin neft şirkətlərinin rəhbərləri ölkədə şist bumunun sona çatması ilə bağlı xəbərdarlıq ediblər. Neft qiymətlərinin düşməsi və Trampın tarifləri fonunda şirkətlər xərcləri azaltmağa və qazma qurğularını bağlamağa başlayırlar. Analitiklər uzun illər ərzində neft hasilatının ilk illik azalmasını və sənayedən kapital axınını proqnozlaşdırırlar.

OPEC+ ölkələrinin hasilatı artırmaqla bağlı gözlənilməz qərarı vəziyyəti daha da gərginləşdirib. Bu, ABŞ-nin neft sektorunu daha böyük bədbəxtliyə sürükləyib, qiymət müharibəsi qorxusunu artırıb və analitikləri proqnozlarını azaltmağa sövq edib.

“S&P Global Commodity Insights”a görə, 2026-cı ildə neft hasilatı 1,1% azalaraq sutkada 13,3 milyon barelə çatacaq. Bu, 2020-ci il pandemiyası istisna olmaqla, son on ildə ilk illik azalma olacaq.

Tramp ABŞ-nin enerji üstünlüyünü təmin etmək üçün qazma və hasilatı “sürətləndirəcəyinə” söz verib. Lakin Bayden dövründə rekord həddə çatan istehsal, qiymətlər azalmağa davam edərsə, daha da düşə bilər.

Neft-mədən xidmətləri şirkəti “Baker Hughes”ın məlumatına görə, ABŞ-də quruda neft qazma qurğularının sayı ötən həftə ilə müqayisədə 10 ədəd, bir il əvvəllə müqayisədə isə 26 ədəd azalaraq 553 olub.

Bəzi iri istehsalçılar işçilərini ixtisar edirlər. “Chevron” və “BP” dünya üzrə 15 000 iş yerini ixtisar etdiyini açıqlayıb. Bununla belə, məlumata görə, ABŞ-də bu sektorda məşğulluq nisbətən sabit olaraq qalır. ABŞ-nin 20 ən böyük şist şirkəti (“ExxonMobil” və “Chevron” istisna olmaqla) 2025-ci il üçün kapital xərcləri büdcələrini təxminən 1,8 milyard dollar (3%) azaldıb.

Bildirilir ki, Trampın tarifləri neft istehsalçıları üçün əsas materiallar olan polad və alüminiumun qiymətlərini də artırıb. Nəticədə, quyuları gücləndirmək üçün istifadə edilən və qazma işində əsas xərc elementi olan boru kəmərlərinin qiyməti təkcə son rübdə 10% artıb.

Bu, şirkətləri Uoll-Strit investorlarını saxlamaq üçün daha çox qənaət etməyə məcbur edir. ABŞ-nin ən böyük özəl enerji şirkətlərindən biri olan “Continental Resources”un baş icraçı direktoru Daq Loulor deyir: “İqtisadiyyat çətinliklərlə üzləşəcək. Gələcək rüblərdə daha çox kapital ixtisarı görəcəyik”.

“Dividendlərə diqqət yetirin, indiki şəraitdə onlar ən təhlükəsizdir”, –  deyə “Petrie Partners” investisiya şirkətinin tərəfdaşı Cim Rocers məsləhət görür.

Son xəbərlər
Digər xəbərlər