7 C
Baku
Friday, February 6, 2026

“Financial Times”: ABŞ texnologiya şirkətlərinin səhmləri “həddindən artıq isinmə” qorxusu fonunda üç gündür enir

ABŞ texnologiya şirkətlərinin səhmləri sektorda “həddindən çox isinmə” ilə bağlı narahatlıqlar səbəbindən artıq üç gündür ardıcıl olaraq ucuzlaşır. Bu barədə “Financial Times” yazır.

“Reuters”in məlumatına görə, “S&P 500″ indeksi 28 yanvar 2026-cı ildən bəri bazar dəyərində 1 trilyon dollar itirib.

Yüksək texnologiya şirkətlərinə fokuslanan “Nasdaq Composite” indeksi 1,6% düşüb və artıq üçüncü ticarət sessiyasıdır ki, eniş göstərir. “S&P 500” indeksi isə 1,2% azalıb. Hər iki indeksin enişi 3 fevral 2026-cı ildən başlayıb.

Nəşr qeyd edir ki, “Bitcoin” də 2024-cü ildən bəri ilk dəfə 65 min dollardan aşağı düşərək dəyərinin 12%-dən çoxunu itirib.

“Qualcomm” səhmləri 8,5% ucuzlaşıb. Şirkət 5 fevral 2026-cı ildə bildirmişdi ki, yaddaş çiplərinin çatışmazlığı smartfon istehsalının azalmasına səbəb ola bilər. “Amazon” və “Microsoft” səhmləri isə təxminən 4% geriləyib.

Proqram təminatı və mikrosxem istehsalı ilə məşğul olan şirkətlərin səhmləri də enib. İnvestorlar, o cümlədən “Anthropic” tərəfindən təqdim edilən yeni proqramlaşdırma alətlərinin hüquq, nəşriyyat və reklam kimi sahələri dəyişdirə biləcəyindən ehtiyat edirlər.

“Financial Times” bildirir ki, bazara iki əsas amil təzyiq göstərir. Statistik məlumatlar ABŞ-də kütləvi ixtisarlar fonunda açıq vakansiyaların sayının azaldığını göstərir. Bundan əlavə, süni intellektə yatırımların həcmi ilə bağlı narahatlıqlar artır. İnvestorlar sektorda “həddindən çox isinmə” və mümkün resessiya qorxusu səbəbindən texnologiya şirkətlərinin səhmlərini satırlar.

Son xəbərlər
Digər xəbərlər