Yaxın Şərqdən enerji daşıyıcılarından yüksək asılılıq səbəbindən inflyasiyanın kəskin artması Asiya ölkələrinin iqtisadi artım perspektivlərinə mənfi təsir göstərir. Bu barədə Asiya İnkişaf Bankına istinadən “Financial Times” yazır.
Ekspertlər istisna etmir ki, 2026-cı ildə region ölkələrində qiymətlər 5,2% arta bilər. Halbuki bir il əvvəl artımın 3% olacağı gözlənilirdi. Bu fonda Asiya İnkişaf Bankı regionun inkişaf etməkdə olan iqtisadiyyatları üzrə ÜDM artımı proqnozunu 2026 və 2027-ci illər üçün müvafiq olaraq 5,1%-dən 4,7% və 4,8%-ə endirib.
Masato Kanda bildirib ki, region “dərinləşən böhran” yaşayır. Onun sözlərinə görə, ölkələr yalnız müvəqqəti dalğalanma ilə deyil, qlobal enerji və ticarət şəbəkələrində sistemli və uzunmüddətli pozuntularla üzləşir.
HSBC bankının Asiya üzrə baş iqtisadçısı Frederik Neymann qeyd edib ki, region üzrə mərkəzi banklar inflyasiya şokları ilə üzləşir. Onun sözlərinə görə, subsidiyalar və ehtiyatlardan istifadə vəziyyəti qismən yumşalda bilər, lakin “hazırkı mərhələdə bu, yalnız nüanslardır”.
“Pozuntular o qədər ciddidir ki, onların təsiri təkcə enerji sektorunda deyil, həm də ərzaq və digər sahələrdə bütün region üzrə hiss olunacaq”, — deyə Frederik Neymann əlavə edib.
Amir Xasru Mahmud Çoudhuri bildirib ki, yanacaq xərcləri “dövlət büdcəsini tükəndirir”. Onun sözlərinə görə, ölkədə inflyasiya davamlı olaraq 8%-dən yuxarı səviyyədə qalır.







