Avropa İttifaqı düzgün siyasət, Çindən tələbin azalması, üzən reqazifikasiya qurğularının işə salınması və əlverişli hava şəraiti sayəsində Rusiyadan tədarükün azalması nəticəsində yaranan 2022-ci il enerji böhranını aradan qaldıra bilib, bu barədə “Financial Times” (FT) yazır.
Enerji sənayesində yaxşı siyasi qərarlar və tədbirlərin birləşməsi də böhranın həllinə kömək edib. “Uniper”in baş icraçı direktoru Maykl Lyuis “FT”yə deyib: “İdxal imkanlarını genişləndirməklə, əhəmiyyətli miqdarda qaz qısa müddətdə Asiyadan Avropaya yönləndirilə bilər, beləliklə, bu, böhranla mübarizənin həqiqətən vacib hissəsidir”.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, 2022/23 mövsümünün isti qışı sayəsində ciddi böhranın qarşısı alınıb. Həmin mövsümdə orta temperatur on illik orta göstəricidən təxminən 5% yüksək olub. Bununla əlaqədar olaraq, həmin ilin qışında Avropada qaz istehlakı kəskin azalıb.
Qəzet yazır ki, Çində COVID-19 pandemiyasının nəticələrinin yaratdığı iqtisadi aktivliyin azalması Avropanın enerji vəziyyətinə də müsbət təsir edib. Ölkədə təbii qaz istehlakı 30 ildən çox müddətdə ilk dəfə 2022-ci ildə azalıb.
Ümumilikdə, Aİ enerji böhranı ilə mübarizə üçün təxminən 768 milyard avro xərcləyib.