Səudiyyə Ərəbistanından Böyük Britaniyaya aviasiya yanacağı daşıyan, Liviya bayrağı altında üzən Maetiga tankeri hazırda Portuqaliya yaxınlığındadır və cümə axşamı təyinat nöqtəsinə çatmalıdır. Bu barədə “Financial Times” yazır. Bu, Hörmüz boğazı faktiki olaraq bağlanmadan əvvəl onu keçə bilmiş və Böyük Britaniyaya yönəlmiş Fars körfəzindən son aviasiya yanacağı partiyasıdır.
“Financial Times” bildirir: “Hörmüz boğazının bloklanmasını nəzərə alaraq, Böyük Britaniyaya doğru yönələn başqa heç bir partiya müşahidə etmirik”.
Bu neft məhsulunun potensial çatışmazlığı ölkənin aviasiya sektorunda fasilələr riskini artırır.
Rusiya tədarüklərindən imtina etdikdən sonra Böyük Britaniya bir neçə il ərzində əsasən Yaxın Şərqdən gətirilən aviasiya yanacağına güvənirdi. İndi isə analitiklər xəbərdarlıq edirlər ki, əgər Hörmüz boğazı bağlı qalarsa, Britaniya aviaşirkətləri artıq aprel ayının sonlarında yanacaq çatışmazlığı hiss edə bilərlər.
Hazırda Şimal-Qərbi Avropada aviasiya kerosininin qiyməti İranda müharibənin başlanğıcından əvvəlki səviyyə ilə müqayisədə təxminən iki dəfə bahadır. Asiyada isə Sinqapur kerosini bir barel üçün 200 dollardan yuxarı qiymətə satılır ki, bu da ilin əvvəlindəki göstəricidən iki dəfədən çoxdur.
“Rystad Energy” konsaltinq şirkətinin neft bazarları üzrə vitse-prezidenti Yaniv Şah bildirib: “Bazarın fikrincə, bəzi ölkələrdə yanacaq qıtlığı artıq uzaqda deyil və yüksək qiymətlər tədarük zəncirinin bütün mərhələlərinə tədricən təsir edəcək. Nəticədə bu, hamıya təsir göstərəcək”.
“Insights Global” analitika şirkətində tədqiqat və konsaltinq şöbəsinin rəhbəri Lars van Vageningen isə qeyd edib ki, hələlik tədarük zəncirləri pozulmayıb, lakin artıq yenidən qurulur. Bu isə o deməkdir ki, Avropa alıcıları Qərbi Afrika və ABŞ-dəki neft emalı zavodlarından əlavə aviasiya yanacağı həcmləri axtaracaqlar.
UBS-in məlumatına görə, Asiyada aviasiya yanacağı çatışmazlığı və çox yüksək qiymətlər artıq aviareyslərin getdikcə daha tez-tez ləğv olunmasına səbəb olur.






