Avropa ölkələri və ABŞ-nin Çin iqtisadiyyatından asılılığı azaltması üçün qarşıdakı 25 il ərzində əlavə 23,6 trilyon dollar sərmayə tələb olunacaq. Bu proses bəzi sahələrdə inflyasiyanın 2,5%-dək yüksəlməsinə də səbəb ola bilər. Bu barədə Financial Times qəzeti EY-Parthenon konsaltinq bölməsinin araşdırmasına istinadən məlumat yayıb.
Ekspertlər yeni istehsal və logistika zəncirlərinin yaradılması, emal güclərinin və tədqiqat mərkəzlərinin qurulması, həmçinin Çin şirkətlərinin proqram təminatının əvəzlənməsi ilə bağlı xərcləri hesablayıblar. Hesabata görə, ABŞ bu məqsədlə 13,7 trilyon dollar, Avrozona ölkələri 9,1 trilyon dollar, Böyük Britaniya isə 800 milyard dollar sərmayə yatırmalı olacaq.
Məlumata əsasən, ABŞ hökuməti və özəl sektoru hər il təxminən 550 milyard dollar əlavə investisiya qoymalı olacaq. Bu məbləğ 2025-ci ildə ABŞ texnologiya şirkətlərinin məlumatların saxlanması və emalı mərkəzlərinin yaradılmasına ayırdığı vəsaitlə müqayisə olunur. Avropa İttifaqı isə bu məqsədlə illik büdcəsini demək olar ki, iki dəfə artırmalı olacaq.
EY-Parthenon analitiki Mats Persson bildirib ki, tədarük zəncirlərinin lokallaşdırılması xərcləri vergi ödəyiciləri və istehlakçıların üzərinə yükləmədən həyata keçirmək yaxın illərdə biznes və hökumətlər üçün ən çətin vəzifələrdən biri olacaq.
Müəlliflər hesab edirlər ki, illik 940 milyard dollarlıq əlavə investisiya nəzəri baxımdan mümkün olsa da, bu vəsait infrastruktur və müdafiə sahələrinə nəzərdə tutulan mövcud investisiyalara əlavə yük yaradacaq. Çin istehsalçılarının məhsullarının Qərbdəki analoqlarından 20–100% ucuz olması səbəbindən iqtisadi əlaqələrin zəiflədilməsi qiymətlərin və faiz dərəcələrinin artmasına gətirib çıxara bilər. Avropada bəzi iqtisadi sektorlar üzrə qiymət artımının 1–2,5% olacağı proqnozlaşdırılır.
Natixis bankının analitiki Alisiya Qarsiya-Herreronun fikrincə, Qərb ölkələrinin qısa müddətdə Çin iqtisadiyyatından tam asılılığı aradan qaldırması mümkün deyil. O bildirib ki, Çin nadir torpaq metalları, əczaçılıq məhsulları və digər strateji məhsulların tədarükünə nəzarət mexanizmlərindən istifadə edərək bu prosesə təsir göstərə bilər.







