Demokratlar Partiyasından vitse-prezidentliyə əsas namizədlər Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Şimali Karolina qubernatoru Roy Kuperdir, “Financial Times” yazır. Partiya ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırır.
“FT”nin məlumatına görə, Coş Şapiro, Mark Kelli və Roy Kuper “aparıcı sponsorlardan” dəstək alıblar. Onlardan əlavə, sponsorlar Kentukki qubernatoru Endryu Beşir və İllinoys qubernatoru Cey Robert Pritzkerin namizədliyini müzakirə ediblər.
“FT” həmsöhbətlərinə görə, sponsorlar 51 yaşlı Coş Şapironu perspektivli namizəd hesab edirlər, çünki o, Kamala Harrisin Pensilvaniyada qalib gəlməsinə kömək edə bilər.
İyulun 21-də 81 yaşlı Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindən imtina etmək qərarını açıqlayıb. O, bu vəzifəyə Kamala Harrisin namizədliyini dəstəkləyib. “The Wall Street Journal” xəbər verir ki, xanım Harris daha sonra Coş Şapiro, Roy Kuper və Endryu Beşirlə telefon danışıqları aparıb.