24 C
Baku
Tuesday, September 2, 2025

“Financial Times”: Hindistan Trampın tariflərindən sonra neft tapmacası ilə üz-üzədir

ABŞ Prezidenti Donald Trampın təhdidlərindən sonra Hindistan dilemma ilə üzləşib: təslim olub Rusiyadan neft almağı dayandırmaq və ya tariflərə tab gətirmək, bu barədə “Financial Times” (FT) yazır.

FT qeyd edir ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır, ona görə də dilemma təkcə geosiyasi deyil, həm də praktikdir. Nəşr yazır ki, enerji təchizatı strukturunu yenidən təşkil etməyə çalışarkən çətinliklər yarana bilər.

“Kpler” analitika şirkətinin tərtib etdiyi məlumata görə, Hindistan xam neftinin təxminən 90%-ni xaricdən alır və 2023-cü ildən bəri Rusiyanın dəniz nefti üçün ən böyük bazardır. Hindistan gündə təxminən 5 milyon barel neft idxal edir ki, bunun da 2 milyonu Rusiyadan gəlir.

Hindistanın neft sektoru haqqında məlumatı olan mənbə FT-yə bildirib ki, ölkənin neft emalı zavodları qaydalar çərçivəsində işləyir və İran və Venesuela neftindən fərqli olaraq Rusiya neftinə birbaşa sanksiya tətbiq edilməyib. “Biz sanksiyalar altında olan nefti almırıq”, – “Kpler”in aparıcı analitiki Sumit Ritoliya söyləyib.

ABŞ Hindistanın 2022-ci ildən bəri Rusiyadan neft alışını bir neçə dəfə artırmasından dəfələrlə narazılığını bildirib. İyulun sonunda ABŞ prezidenti Hindistana 25% rüsum tətbiq ediləcəyini, həmçinin Rusiyadan neft və hərbi texnika almasına görə “cərimə” ilə üzləşəcəyini bəyan edib. ABŞ bu tarifi avqustun 7-də tətbiq etməyi planlaşdırır.

Bir neçə gün sonra Tramp Hindistanı tariflərin “əhəmiyyətli” artımı ilə hədələyib. O, tariflərin nə qədər artacağını dəqiqləşdirməyib. Hindistan Xarici İşlər Nazirliyi Trampın tənqidini “əsassız və ədalətsiz” adlandırıb və hökumətin milli maraqları və iqtisadi təhlükəsizliyi qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bildirib.

Kreml Trampın hədələrindən sonra ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdlərini qanunsuz adlandırıb. Əslində, Vaşinqtonun Hindistandan tələbləri təhdiddir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Son xəbərlər
Digər xəbərlər