Beynəlxalq investorlar ABŞ-də süni intellekt bazarında mümkün “köpük”lə bağlı narahatlıqlar fonunda aktivlərini diversifikasiya edərək Avropa səhmlərinə rekord həcmdə vəsait yatırırlar. Bu barədə “Emerging Portfolio Fund Research” (EPFR) məlumatlarına istinadən “Financial Times” (FT) yazır.
Ekspertlərin proqnozuna görə, fevral ayında Avropa qiymətli kağızlarına kapital axını bir ay üzrə tarixi maksimuma çata bilər. Buna səbəb ardıcıl iki həftə ərzində təxminən 10 milyard dollar həcmində rekord vəsait axını olub. Avropanın aparıcı şirkətlərinin aktivlərini əhatə edən “Stoxx Europe 600” indeksi bu ay bir neçə rekord maksimuma çatıb. Böyük Britaniya, Fransa və İspaniya indeksləri də oxşar rekord göstəricilər nümayiş etdirib.
Nəşrdə qeyd olunur ki, iri investorların portfellərini diversifikasiya etmək istəyi fonunda Avropa birjaları qazanc əldə edib, çünki onlar Uoll-Stritə və onun nəhəng Amerika texnologiya sektoruna yatırımları azaltmağa başlayıblar. 2026-cı ildə bu sektor aktivlərin əsassız şəkildə şişirdilməsi ilə bağlı narahatlıqlardan zərər çəkib.
“Goldman Sachs”ın səhmlər üzrə aparıcı analitiki Şeron Bell bildirib: “Bir çox qlobal investorlar bahalı Amerika bazarından uzaqlaşaraq portfellərini diversifikasiya etmək istəyirlər”. Onun sözlərinə görə, bu xüsusilə xaricdə imkanlar axtaran amerikalı investorlar üçün aktualdır. “Avropa səhm bazarı fərqli struktura malikdir <…>, burada texnologiya şirkətlərinin payı daha azdır”, — deyə o əlavə edib.
Bu amil banklar və təbii resurslar kimi “ənənəvi iqtisadiyyat” sektorlarının yüksək paya malik olduğu Avropa bazarlarının artımına təkan verib. Fiziki aktivlərə tələbatın sürətli artması nəticəsində bu il Böyük Britaniyanın “FTSE 100” indeksi təxminən 7% yüksəlib, “Weir Group” və “Antofagasta” kimi şirkətlərin səhmləri isə 20%-dən çox artıb, FT yazır.






