9 C
Baku
Tuesday, December 16, 2025

Financial Times: Neft qiymətləri Ukrayna ilə bağlı sülh gözləntiləri fonunda 60 dollardan aşağı düşüb

Rusiya və Ukrayna arasında mümkün sülh sazişi ilə bağlı gözləntilər fonunda neftin qiymətləri mayın 5-dən bəri ən aşağı səviyyəyə enib. “Financial Times” yazır ki, treyderlər artıq növbəti ildə bazarda yarana biləcək təklif artımı fonunda bu cür razılaşmanın neft bazarına mümkün təsirini nəzərə almağa başlayıblar.

Səhər ticarəti zamanı Brent markalı neftin qiyməti bir barel üçün 59,70 dollara düşərək 5 maydan bəri ən aşağı səviyyəyə çatıb. ABŞ-nin West Texas Intermediate (WTI) markalı nefti isə dekabrın 15-də bir barel üçün 56,82 dollar səviyyəsində bağlanıb ki, bu da 2021-ci ilin fevralından bəri minimum göstəricidir.

“Morgan Stanley” analitiklərinin fikrincə, sülh sazişi Rusiyanın ixracına qarşı tətbiq edilən sanksiyalar səbəbindən uzadılmış logistika zəncirlərində “bloklanmış” on milyonlarla barel neftin bazara çıxmasına imkan yarada bilər. “Energy Aspects” konsaltinq şirkəti danışıqları neft bazarı üçün əsas geosiyasi qeyri-müəyyənlik amili adlandırıb. Bu xüsusilə Milad bayramı dövründə likvidliyin azalması şəraitində daha önəmli hesab olunur. Brent neftinin qiymətləri ardıcıl beşinci aydır ki, düşür — bu, son 11 ildə ən uzun azalma seriyasıdır. Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2026-cı ildə gündəlik orta hesabla 3,7 milyon barel həcmində təklif artığı proqnozlaşdırır.

Dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanı ilə ixracı qadağan edən tədbirlərin müddətini 2026-cı il iyunun 30-dək uzadıb. Müvafiq fərman imzalandığı gün qüvvəyə minib. Rusiya nefti üçün qiymət tavanı Avropa İttifaqı ölkələri tərəfindən 2022-ci il dekabrın 3-də tətbiq edilib. Bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilən maksimal qiymət mexanizmi isə 2022-ci il dekabrın 5-də — Rusiya neftinin dəniz yolu ilə tədarükünə qadağa ilə eyni vaxtda qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər