Aparıcı dörd texnologiya şirkətinin — Amazon, Microsoft, Google və Meta-nın süni intellekt texnologiyalarına kapital qoyuluşları bu sahədəki bumun başladığı 2023-cü ildən bəri 1,1 trilyon dollara çatıb. Bu barədə şirkətlərin maliyyə hesabatlarına istinadən Financial Times məlumat yayıb.
Qəzetin yazdığına görə, bu həcmdə xərclər həm şirkətlərin süni intellekt sahəsindəki iddialarının miqyasını, həm də ABŞ texnologiya nəhənglərinin aşağı kapital xərcləri olan bizneslərdən qısa müddətdə fiziki infrastruktura iri həcmdə investisiya yatıran şirkətlərə çevrilməsinin sürətini nümayiş etdirir.
RBC Capital investisiya bankının analitiki Rişi Caluriyanın sözlərinə görə, “kapital xərclərinin artımı dayanmayıb”. Bununla belə, investorlar bu şirkətlərin süni intellektə yatırımlarla onları uğura gətirən əsas biznes amillərinin qorunması arasında “ciddi balans” saxlamasını gözləyirlər.
Financial Times-ın məlumatına görə, Amazon, Microsoft, Google və Meta birlikdə 2026-cı ildə əsasən məlumat emalı mərkəzlərinə, qabaqcıl çiplərə və onların işləməsi üçün zəruri olan enerji təminatına ümumilikdə 745 milyard dollar xərcləməyi planlaşdırır.







