Beynəlxalq Valyuta Fondu (BVF) Donald Trampın Kanada və Meksikadan gələn mallara 25%, Çindən gələn mallara isə əlavə 10% rüsum daxil olmaqla, digər ölkələrdən idxala tariflər tətbiq etmək planlarından narahatdır, “Financial Times” yazır.
BVF-nin rəhbəri Kristalina Georgieva cümə günü jurnalistlərə açıqlamasında dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-nin ticarət müharibəsi təhlükəsinin 2025-ci ildə onsuz da yüksək olan qeyri-müəyyənlik səviyyəsini daha da artıracağını bildirib.
Onun sözlərinə görə, bu qeyri-müəyyənlik artıq öz əksini tapıb. BVF-nin rəhbəri əlavə edib ki, yeni ticarət siyasətinin təsiri qlobal təchizat zəncirlərinə və bütövlükdə Asiya regionuna dərindən inteqrasiya olunmuş ölkələrə xüsusilə güclü şəkildə təsir edəcək.
FT-nin qeyd etdiyi kimi, müttəfiqlər ABŞ-nin yeni prezidentinin tariflərlə bağlı qərarını səbirsizliklə gözləyirlər: onlar yanvarın 20-də inauqurasiyadan dərhal sonra tətbiq olunacaq və hərtərəfli xarakter daşıyacaq. Tramp administrasiyasının siyasətinin digər aspektləri, o cümlədən vəd edilmiş deregulyasiya da bütün dünyada böyük maraq doğurur.
Georgieva həmçinin BVF-nin qarşıdan gələn 2025-ci il “World Economic Outlook” hesabatından ilkin məlumatları paylaşıb. Onun verdiyi əsas mesaj qlobal iqtisadi artımın “sabit” olaraq qalmasından ibarət olub. ABŞ-də iqtisadi artım gözləntiləri üstələyir, Aİ-də isə “bir qədər yavaşlayıb”. Tam hesabat bu həftə təqdim olunacaq.