“Finans Kredit” BOKT 2025-ci ilin ilk yarısında təxminən 83,2 min manat xalis mənfəət əldə edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 133,3 min manat təşkil etmişdi. Bu da illik müqayisədə mənfəətin 37,6% azalması deməkdir.
Banker.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 2024-cü ilin yanvar–iyun aylarında 367,5 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 416,1 min manata yüksəlib. Gəlirlər 13,2% artıb. Artım əsasən faiz gəlirlərindəki dinamika ilə bağlı olub — bu gəlirlər 2024-cü ildə 353,4 min manat, 2025-ci ildə isə 392,1 min manat təşkil edib (artım təxminən 11%).
Xərclər tərəfdən isə əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ilin ilk yarısında ümumi xərclər 234,1 min manat idisə, 2025-ci ildə bu göstərici 332,9 min manata yüksəlib. Bu, xərclərdə təxminən 42% artım deməkdir. Əsasən əməkhaqqı, amortizasiya və reklam xərclərinin artması mənfəət marjasını azaldıb.
Maliyyə vəziyyətinə gəlincə, BOKT-un aktivləri 2024-cü ilin ortasında 3,08 milyon manat olduğu halda, 2025-ci ilin eyni dövründə 3,10 milyon manata çatıb — artım cəmi 0,7% təşkil edib. Aktivlərin böyük hissəsi müştərilərə verilmiş kreditlərdən ibarətdir. Bu kreditlər son bir ildə 2,8 milyon manatdan 2,82 manata düşüb.
Şirkətin kapitalı isə 986,3 min manatdan 1,39 milyon manata yüksəlib ki, bu da 41% artım deməkdir.
Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-nin səhmlərinin 100% Rəmiyəddin Məmmədov Hüseyn oğluna məxsusdur.


 
                                    





