“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ümumi məbləği 5 milyon ABŞ dolları olan növbəti istiqraz buraxılışını həyata keçirir.
Banker.az xəbər verir ki, BOKT-nin İdarə Heyətinin 28 oktyabr 2025-ci il tarixli qərarı ilə təsdiqlənmiş bu üçüncü buraxılışın həcmi 1 000 000 ABŞ dolları təşkil edir.
Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan cəmi 10 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə Bakı Fond Birjasında satışa çıxarılır. İnvestorlar üçün illik 9 faiz dərəcəsi ilə gəlirlik nəzərdə tutulub və faiz ödənişləri hər 3 aydan bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 24 aydır. Emissiya prosesində anderrayter funksiyasını “Unicapital İnvestisiya Şirkəti” ASC yerinə yetirir.
Təşkilat istiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaiti birbaşa öz əsas fəaliyyətinin inkişafına yönəltməyi planlaşdırır. BOKT bu addımı ölkə iqtisadiyyatındakı artım proqnozlarından faydalanmaq və bu prosesə töhfə vermək istəyi ilə əlaqələndirir. Hazırda “FİNCA Azerbaijan”ın əsas resurs mənbələrini xüsusi kapital, bank öhdəlikləri və mövcud istiqraz öhdəlikləri təşkil edir.






